"Neftçi"yə qarşı yarımfinal görüşləri asan olmayacaq, bizim üçün hər oyun final kimidir" - MÜSAHİBƏ

14:22 - 19 Mart 2025

"Sabah"ın özbək legioneri Umarali Raxmonaliyev Sportal.az saytına müsahibə verib.

- Son olaraq "Zirə" ilə qarşılaşdınız. Həmin görüş sizin üçün necə alındı?

"Zirə"yə qarşı yaxşı oyun göstərdik. Biz həqiqətən də futbol oynadıq. Çünki futbol oynamağı yaxşı bacarırıq. Bəli, ilk hissədə oyuna diqtə edən tərəf idik, top daimi olaraq bizdə idi. Amma ikinci hissədə azca alınmadı. Bu da oyunun bir hissəsi sayılır. Ona görə də, burada qorxulu nəsə yoxdur. “Zirə”nin heç qol şansı da yox idi. Bizim oyunçumuzdan top rəqibə getdi, rekaşetdən qol vurdular. İkinci hissədə kompakt müdafiə olunduq. Bəzən oyuna diqtə edirdik, qol şansları yaradırdıq. Onları reallaşdırmaq olardı. Hətta qol da vurduq, amma oyundankənar vəziyyət qeydə alındı. 

- Görüşün ədalətli nəticəsi 1:1 idi? 

Məncə, biz bu oyunu çıxara bilərdik. Amma Allah bu cür qərar veribsə, matçın 1:1 başa çatması məsləhət imişsə, heç nəyi dəyişə bilmərik. Allaha şükür olsun, hər şey yaxşıdır. Sadəcə biz heç nədən çoxlu xallar itirmişik. Hansı ki, onları qazana bilərdik. 

- Qeyr-stabilliyin səbəbini nədə görürsən?

Qeyri-stabillik deməzdim. Hər bir rəqibə qarşı yaxşı futbol nümayiş etdiririk. Sadəcə bəzən yaradılmış qol şanslarından istifadə edə bilmirik. Halbuki çox asanlıqla qol buraxırıq. "Şamaxı", "Kəpəz", "Araz-Naxçıvan"a qarşı da eyni cür olmuşdu. Onların iki zərbə iki qolla nəticələndi. “Zirə” ilə görüşdə də asanlıqla qol buraxdıq. Çətinliklə qol vururuq, amma asanlıqla buraxırıq. Fikrimcə, bu komponentdə daha sərt və inamlı oynamalıyıq. Belə olacağı təqdirdə, yaxşı nəticə qeydə alınacaq. 

- Avrokuboklara daha yaxın yolunuz ölkə kubokundan keçir. Yarımfinaldakı rəqibiniz "Neftçi" də kuboka prioritet kimi baxır. Bu cütü erkən final da adlandırmaq olar. Avrokuboklara vəsiqə qazana biləcəksiz?

Bizim üçün hər oyun çox vacibdir, hər oyun final kimidir. Ölkə kuboku da həmçinin. Təbii ki, "Neftçi"yə qarşı yarımfinal görüşləri asan olmayacaq. Həm kubokda, həm də çempionatda ən yaxşısını etməyə çalışacağıq. Allah qoysa, istədiyimizə çatacağıq.

- "Sabah"da daimi əsas heyətdə oynadığını nəzərə alsaq, Özbəkistan millisinə dəvət ediləcəyini gözləmək olardı. Bəs, sən özün yığmadan dəvət gələcəyini ehtimal edirdin?

Əgər milliyə dəvət etməyiblərsə, demək ki, daha çox çalışmalıyam. Bunu da edəcəm. Allah qoysa, hər şey qarşıdadır. Daha yaxşı olacaq.

Mirbağırağa

Xəbər xətti