AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Lənkəranda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçirilib.
Sportal.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 4 komanda mübarizə aparıb. Şiləvar kənd tam orta məktəbin komandası turnirin qalibi olub. II və III yeri müvafiq olaraq Digah kənd tam orta məktəb və Rvo kənd tam orta məktəb tutub.
Şiləvar kənd tam orta məktəbin şagirdi Gültən Babayeva 6 qolla turnirin ən məhsuldar oyunçusu olub. Rvo kənd tam orta məktəbin şagirdi Nazənin Şəkirzadə ən yaxşı oyunçu, Digah kənd tam orta məktəbin şagirdi Xədicə Şıxcanova isə turnirin ən yaxşı qapıçısı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallarla, qalib kollektiv isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov və U-15 (qızlar) millinin baş məşqçisi Gülənbər Qasımova təqdim ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə AFFA U-13 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.
saytlarin hazirlanmasi