Yiyəsizlikdən bədbinliyə - istefa bahasına deyilən həqiqətlər

22:27 - 16 Mart 2025

Premyer Liqada növbəti məğlubiyyətini alan "Səbail"in çalışdırıcısı Cavid Hüseynovun dedikləri gündəmə "bomba" kimi düşdü - sponsorun komandadan əlini çəkməsi, "Səbail"in yiyəsiz qalması, Cavidin bu yükü artıq tək daşıya bilməməsi... 

Yiyəsizlik sözü gələndə, 1-ci Qarabağ müharibəsində Laçın - Qubadlı yolunda rəhmətlik Çingiz Mustafayevin qoşunlarımızı geri, döyüş meydanına dönməyə çağırması səhnəsi adamın gözü qarşısına gəlir. Çingizin "hamınız qorxaqsız, arvadsız" ittihamına, hərbçilərimizdən birinin "yiyəsizik, neyləyək, yiyəsizik" cavabı gəlir. Əslində, hərbçimizin sözündə də həqiqət var idi. Yiyəsizlik mühitində, vahid komandanlıq olmadan döyüş aparmaq olardı, qələbə qazanmaq isə yox! 

Həmin hadisələrdən 33 il sonra yenə yiyəsizlikdən danışılır. Bu dəfə futbolumuzda... "Səbail"in yükünü daşımalı olan ASCO şirkəti klubu taleyin ümidinə buraxıb. Kənardan komandanın I Liqaya yuvarlanmasına baxırlar. 

Gör vəziyyət hansı həddə çatıb ki, Cavid Hüseynov hər şeyi açıb danışmaq qərarına gəlib. Görüb ki, susmaqla olmur. Ya rəhbərlik indi dəstək verməli, ya da bir neçə turdan sonra "Səbail"i uçurumun kənarından geri qaytarmaq mümkünsüz olacaq.

Lakin ASCO rəhbərliyi problemləri həll etmək yerinə problemləri dilə gətirən adamdan qurtulmaq yolunu seçdi. Stalin sayağı düşünürək "insan yoxdursa, problem də yoxdur" yanaşmasıyla Cavid Hüseynovu istefaya göndərdilər. 

Hərçənd, "Səbail" qışdan sonra fərqli oyun sərgiləyirdi. Qələbələr qazanan, rəqiblərinə savaş açan komandaya bir qədər dəstək olmaq lazım idi. Hüseynovun istefasından sonra çətin ki, kimsə "Səbail"i Premyer Liqada saxlaya bilsin. Vəziyyəti düzgün qiymətləndirən təcrübəli mütəxəssislərdən bu yükün altına girməyi istəyən ya az olar, ya da heç olmaz. 

Həmid

Xəbər xətti