AFFA-ya qurban lazımdır

10:54 - 10 Dekabr 2018

Futbolumuzun bərbad vəziyyətə düşməsindən sonra yığma komandaya son illər adını ölkə futboluna qızıl hərflərlə yazdıran Qurban Qurbanov gətirildi. Ancaq o, postunda çox qalmadı. Bir il keçəndən sonra Qurbanov istefaya göndərildi.

 

AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra belə bir cümlə işlətdi: “Təəssüf ki, Millətlər Liqasında uğurlu nəticə əldə olunmadı”.

 

Yığmanın Millətlər Liqasındakı uğursuzluğu Qurban Qurbanovun deyil, illərdir milyonları sağa-sola xərcləyən, tar-mar edən AFFA-nın günahıdır. Bir il ərzində Qurban Qurbanovun möcüzələr yaradacağı gözlənilən deyildi. Yeni sistemin oturması üçün ən azı 4-5 il vaxt lazım idi.

 

AFFA-nın futbol adına keçirdiyi bütün layihələri demək olar ki, uğursuzluğa düçar olub. Hərə öz cibini düşünəndə və “yuxarılar” nəticə, inkişaf tələb etməyəndə sonu belə olur. 2005-ci ildə Dövlət Proqramı qəbul edilmişdi. Ona görə ki, bölgələrdə və paytaxtda futbol inkişaf etdirilsin. Ancaq bu gün Premyer Liqada 8 klub var və onlardan 7-si paytaxtı təmsil edir. I Diviziondakı bərbad durum isə göz qarşısındadır. Uşaq futbolunda vəziyyət, şərait acınacaqlı haldadır. Futbolumuzdakı problemin kökü daha dərindədir.

Qurban Qurbanov başda olmaqla milli komandalara gələn yerli mütəxəssislərin ətrafında sağlam qüvvə olub birləşmək lazım idi və şəxsi maraqlar kənara qoyulmalı idi. Futbolumuza yeni sistem oturtmaq lazım idi, ancaq görünür ki, AFFA yeni qurban axtarırmış.

10 ildi AFFA-nın binasında bəslənən Bernhard Lippertə verilən pula futbolçu yetişdirmək mümkün idi. Alman mütəxəssisə bizim uşaqların gələcəyi qətiyyən maraqlı deyil. Onun hansısa faydalı iş gördüyünü indiyə kimi görən olmayıb və bu olmayacaq da. Yeyib-içib, yağ-baldan doyan Lippert artıq gələn il ölkəmizdən getmək qərarını verib.

Yığmada yeni baş məşqçi əcnəbi olacaq. AFFA-ya da elə bu lazım idi. Qurban Qurbanova verilməyən vaxt ona veriləcək, müəyyən zamandan sonra isə göndəriləcək. Aşağı yaş qruplarından ibarət millilərdə isə əvvəlki kimi “karusel” sistemi olacaq.

Mehman ƏŞRƏFOV

Xəbər xətti