Balayevin fərqliliyi QEYD

18:55 - 30 Yanvar 2019

“Səbail”in qapıçısı Emil Balayevin Qazaxıstanın top-klublarından olan “Tobol”a keçidi sevindiricidir. Balayevin qat-qat uğurlu karyera qura biləcəyi inandırıcıdır. Onun başqalarından fərqləndiyini isə Antalyadan qayıdanda gördüm.

 

Təsadüfən “Səbail”lə eyni reyslə uçurduq. Əlbəttə ki, peşə vərdişi kimi, kənardan müşahidə özündən asılı olmadan aktivləşir.

 

Bir çox futolçunu izləyirdim. Ümmiyyətlə, futbolçularla ünsiyyətimi maksimum az qurduğumçün əksəriyyətinin şəxsi məxsusiyyətlərini, tiplərini, xarakterlərini bilmirəm.

 

Balayevin epizodik iki zarafatı diqqətimi çəkmişdi. Yumor hissinin yüksək olması şəxs haqqında ilkin yaxşı xəbərdir.

 

Daha maraqlı məqamı isə təyyarəyə minəndə gördüm. Komanda yoldaşlarıyla ayaqüstü söhbətdə onlara sərbəst ingiliscəsiylə suallar verirdi:

 

- Hansı ölkədənsən?
- Qvineya Bisau.

 

Və Balayev başladı ora yaxın ölkələrin adlarını sadalamağa. Komanda yoldaşı da təəccüblə soruşurdu ki, bunları hardan bilirsən. Hətta hər ölkəyə aid bir neçə tarixi və müasir zamana aid faktlar sadaladı. Beləcə onlarla ünsiyyəti başqalarından daha uğurlu qurmağı bacardı.

 

Digər komanda yoldaşına da hardan olduğunu soruşdu:

 

- Konqodanam.
- Hansı? Demokratik respublika olan, yoxsa o biri? Yəni paytaxtı Brazzavil olan Konqo, ya Kinşasa olan?
- Brazzavil.
- Hə, lap yaxşı. Əsas gəliri nədir ölkənin?

 

Və söhbət bir az da davam edir.

 

Xoşa gələn isə odur ki, bir azərbaycanlı futbolçu Afrikada iki Konqo adında respublikanın fərqli olduğunu detallarıyla bilir, sualları isə intellektualdır. Təəssüf ki, nadir hallardandır.

 

Deməli, vaxtın olmaması kimi bəhanələr əbəsdir, istəyəndə mütaliə də mümkündür, təhsil də.

 

Balayevin ingilis və rusca sərbəst danışdığını da öyrənirəm. Lakin özüylə ünsiyyət qurmadım. Bəlkə də, daha maraqlı müsahibə üçün saxladım və haçansa bu, olacaq (futbolpress.az).

Xəbər xətti