Limitin nə faydası oldu? QEYD

09:00 - 10 Fevral 2019

21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Milan Obradoviç fevralın 10-dan 12-dək keçiriləcək toplanış üçün 23 nəfərlik siyahını açıqlayıb. Dəvət alan futbolçular Premyer Liqa komandalarının əvəzedici heyətində çıxış edənlərdir. Divizion klublarından yalnız MOİK-dən üç futbolçu çağırılıb ki, onlar da “Qəbələ”nin yetirmələridir, icarə əsasında çıxış edirlər.

 

Əgər divizion klublarından milliyə dəvət alan olmayacaqdısa, yarışın limiti (4 sərbəst, 6 nəfər 1998-ci il və daha cavan və 1 nəfər 2001-ci il təvəllüdlü futbolçu mütləq heyətdə olmalıdır) niyə dəyişdi? Görünən odur ki, limit dəyişikliyi fayda vermir və bu gedişlə də müsbət təsiri olmayacaq. Bu qərar həm də aşağı dəstədə gedən mübarizəni daha da aşağı səviyyəyə saldı.

 

Premyer Liqada klub tapmayan futbolçular diviziona üz tuturdular. Ancaq məlum qərardan sonra onların sayı aşağı dəstədə tək-tükdür. Divizionda yer tapmayanların bəziləri məcburiyyətəndən karyeralarını başa vurdu, digərləri də Türkiyənin BAL liqasına ya da Region Liqasına üz tutdular.

 

Ən yaxşı gənc futbolçular elita klublarında cəmləşib. Limit divizion komandalarının işini çətinə saldı. Premyer Liqa təmsilçiləri gənc futbolçuları divizion klublarına icarəyə verməkdənsə, öz əvəzedicilərində oynatmağı lazım bilir. Çünki həmin gənc oyunçular lazım olan zaman əsas heyətə cəlb ediləcəklər.

 

Yaşı 20-dən yuxarı olan çox oyunçu futbolsuz qaldı. Bəzən elə futbolçular olur ki, 20-25 yaş aralığında "açılır". Yaş limiti yalnız əvəzedici komandalara tətbiq edilsəydi, bəlkə də indiki vəziyyət olmazdı.

 

Divizion klublarının baş məşqçilərinin demək olar, hamısı etiraf edir ki, say düzəltmək üçün gənc futbolçuları heyətə cəlb edirlər. Yəni ki, keyfiyyət bir qıraqda qalır. Keyfiyyətin deyil, kəmiyyətin düşünüldüyü yarışda hansı inkişafdan danışmaq olar?

 

Problemlərin kökü daha dərindədir və bunu bilə-bilə limit qoymaq absurd görünür. Vəziyyəti düzəltmək üçün uşaq liqalarından başlamaq lazımdır. Kortəbii keçirilən yarışlara əl gəzdirilməli, uşaq futbolu inkişaf etdirmilədir. Ancaq 15 ildir ki, ortaya iş qoyulmur və futbolumuz zərbə almaqda davam edir. Bu şərait altında isə milli komandalarımızda inkişaf mümkünsüzdür.

 

Mehman Əşrəfov

Xəbər xətti