Milli komandanın AVRO-2020-də hədəfləri ilə bağlı bir az gülməli, digər tərəfdən isə ağlamalı durum yaranıb. Və adam bilmir ki, millimiz ətrafında gedən belə oyunlara güləsən, yoxsa ağlayasan.
AFFA-nın baş katibi Elxan Məmmədovla Nikola Yurçeviç tərəfindən millinin hədəfləri ilə bağlı təzadlı açıqlamalar verilir mətbuatda. Biri deyir hədəf final mərhələsidi, o birisi deyir mənlik deyil o hədəf. İndi gəl, baş aç ki, Nikola Yurçeviçli millinin hədəfi nədir...
Ümumiyyətlə, bu, nə deməkdi? Yəni, bu iki şəxs AFFA-nın binasında görüşüb millinin hədəfini müəyyənləşdirə bilmir? Mətbuat üzərindən danışmaq nə qədər doğrudur?
Hə, aydındır ki, Elxan Məmmədov "hədəfimiz yoxdur" deyə bilmir. O halda ondan soruşarlar ki, hədəf yoxuydusa, Qurban Qurbanov niyə istefaya göndərildi. Elə yerli mütəxəssis qalıb işləyərdi müqavilə ilə 6 illik dönəmi və əgər həmin vaxtın tamamında nəsə alınmayacaqdısa, yeni mütəxəssis gətirilərdi. İndiki halda isə elə çıxır ki, məqsəd millini final mərhələsinə çıxarmaq yox, Qurban Qurbanovu millidən itirmək imiş...
Ən böyük problem odur ki, görkəmcə üzüyola adama oxşayan Yurçeviç yalan danışmağı özünə yaraşdırmır. Hamı kimi o da anlayır ki, belə qrupdan nəinki final mərhələsinə çıxmaq, heç 7-8 xal toplamaq belə müşkül məsələdi. Yurçeviç hələ ki ümidlərindən danışır ki, Bakıda yaxşı nəticələr qazanmağa çalışacaq. Çalışsın, nə deyirik ki. Amma imkan olsa, bir qalanın sirri mətbuata da agah edilsin. AVRO-2020-də millinin hədəfi nədir?
Mehman Əşrəfov
saytlarin hazirlanmasi