Ötən gün Azərbaycan futbolunda növbəti qara səhifə Lixtenştenydə yazıldı. Serbiyalı baş məşqçi Milan Obradoviçin çalışdırdığı U-21 millisi Lixtenşteynə 0:1 hesabı ilə uduzdu.
U-21 millisinin biabırçı məğlubiyyəti o deməkdir ki, hələ yaxın 10 ildə də qara günlərimiz davam edəcək. Bütün bunların kökündə AFFA-nın yanlış siyasəti və uşaq futbolundakı problemlər durur. Bu problemləri saymaqla bitirmək olmaz.
Federasiya aşağı yaş qruplarından ibarət milli komandalardakı problemləri illərdir düzəldə bilmir. İşə kortəbii yanaşmanın nəticəsində milyonlar havaya sovrulur.
10-15 ildir futbolda inkişaf yoxdur, millilərdə geriləmə davam edir. Dövlət proqramı ayrılan zaman düzgün işlər görülsəydi, uşaq futbolu üçün lazım olan şərait yaradılsaydı, bölgələrdə futbol məhv edilməsəydi, Lixtenşteyndə biabırçılıq qeydə alınmayacaqdı.
Futbolun inkişafını fikirləşən olmadı, hamı şəxsi mənafeyini güdməyi düşündü. Futbolçu yetişdirməyi bacarmayanlar, ən asan yolu – ölkə kənarından yığmaya legionerlər gətirməyi seçdilər.
Eddilərə, nazarovlara, renatlara milyonlar xərcləndi, ancaq yığma ən böyük şans kimi görünən Millətlər Liqasında da uğur qazana bilmədi.
Həmin xərclənən milyonlara hansısa bölgədə akademiya qurmaq və ən azı bu gün U-21 millisi üçün 3-4 futbolçu yetişdirmək mükün olacaqdı.
Günah baş məşqçilərdədir?
“Günah keçisi” axtarmaq lazım deyil. Millətlər Liqasında A millinin, U-21 və daha aşağı yaş yığmalarındakı uğursuzluqlarda AFFA günahkardır. Bundan sonra da yığmalar möcüzə edən deyil.
Daxili çempionatında 8 komandası olan, bölgələrində futbolu məhv edilən, stadionları xarabazarlığa çevrilən ölkənin milli komandasının uğur qazanması nə dərəcədə mümkündür?
Futbolçuların da bacardığı budur. Bundan maksimumu yoxdur. Bu sistemlə, bu siyasətlə uğur gözlməyə dəyməz.
AFFA-nın futbolda keçirdiyi layihələr uğursuzluğa düçar olur. İllərdir milyonları sağa-sola xərcləyəndən sonra ötən il yada düşdü ki, Tovuzda futbol akademiyası açılsın. 2005-ci ildə Dövlət Proqramı qəbul edilmişdi. Ona görə qəbul olunmuşdu ki, bölgələrdə və paytaxtda futbol inkişaf etdirilsin. Ancaq 14 il sonra Tovuzda akademiya açılması barədə qərar verilir. “Yuxarılar” nəticə, iş tələb etmir, hamı rahat şəkildə öz cibini düşünür, ölkədə futbol məhv olur.
Yanlış siyasətə, vəzifə savaşına səsini çıxaranlar çox azdır. Satın alınmayan 4-5 idman saytı və bir o qədər veteran futbolçu bu idarə üsulunu tənqid etməyə cürət edir.
Məşqçilər Komitəsindəki mütəxəssislər bu biabırçılığa qarşı səsini çıxartmalı, digər veteranlar da onlara qoşulmalıdır. Əsl vaxt yetişib, hamı yumruq olub hədəfə vurmalıdır!
Mehman Əşrəfov
saytlarin hazirlanmasi