Milliləşdirmə oyunu - YAZI

15:52 - 3 İyul 2019

Azərbaycan futbolunu kor günə qoyanlar ənənələrinə sadiq qalıb. Uşaq futboluna diqqət ayırmaq, bölgələrdə şərait yaratmaq əvəzinə əcnəbilər yığmalara gətirilir.

 

Bu gün “Kayserispor”un yarımmüdafiəçisi Hasan Hüseyn Acar “Hürriyet”ə açıqlamasında AFFA-dan təklif aldığını və bu barədə düşündüyünü deyib.

 

Futbolçu yetişdirməkdə aciz olan insanlar 10 ildən çoxdur ki, legionerləri yığmaya gətirir. Ancaq ortada da heç nə yoxdur. Çünki bu sistemlə uğur qazanmaq mümkün deyil.

 

Futbolçu yetişdirmək lazımdır, Renat Dadaşova yığmada oynaması üçün 1 milyon dollar təklif etmək yox. Renata verilən həmin məbləğə hansısa bölgədə akademiya açıb, uşaqları futbola cəlb etmək mümkün olardı. 10-15 ildən sonra da ağacadan meyvə dərmək mümkün olacaqdı. Ancaq AFFA-dakı futbol məmurları belə düşünmür.

 

Renat Dadaşov, Rüfət Dadaşov, Tuğrul Erat, Ufuk Budak, Dəniz Yılmaz, Eddi Silvestr Paskual İsrafilov, Dmitri Nazarov, Riçard Almeyda, Əli Babayev və digər onlarla əcnəbi gəldi, ağ günə çıxdıq ki?

 

Yığma komandaların son oyunlarındakı biabırçı nəticələrinə baxanda hər şey aydın olur. 

 

Faydasız əcnəbiləri milliləşdirməklə AFFA azərbaycanlı futbolçulara hörmətsizlik edir. Bu siyasətlə azərbaycanlı balalarının haqqı yeyilir.

 

Azərbaycan futbolunu şəxsi biznesə çevirənlər futbolçu yetişdirə bilmir, dağıstanlı, türk, israilli, braziliyalı oyunçulara pasport paylayır. Bir qrup şəxs qollarını çırmalayıb, iş görmək əvəzinə dövlətin, xalqın pulunu bölüşdürür.

 

2005-ci ildə Dövlət Proqramı qəbul ediləndə maliyyə düzgün ayrılmadı. Uşaq futbolunun infrastrukturu üçün bölgələrdə şərait yaradılmadı. Buna görə də, indiki vaxtda futbolçu qıtlığı yaranıb, çarəni milliləşdirməkdə görürlər. 

 

Milliləşdirilmiş futbolçular tək əsas millidə deyil. U-21, U-19, U-17 yığmalarında, qadınlar millisində və futzal seçməsində də legionerlər var. 50-dən çox əcnəbi millilərdə azərbaycanlıların yerini tutur, onların mükafatlarına sahib olur. Bu vətənin övladları isə monopolyanın qurbanı olur, idmanı atır, veyil-veyil gəzməyə məhkum olur.

 

Yaxşı xatırlayıram, 2018-ci ilin yanvarında dağıstanlı qapıçı Samur Ağaməhəmmədov Ermənistanın “Artsax” klubuna keçərkən AFFA-dan təklif aldığını, ancaq Azərbaycan millisindən imtina etdiyini açıqlamışdı.

 

İddia etmirəm ki, Ağaməhəməddov belə deyib. Ola bilər ki, yerli publikaya özünü qəhrəman göstərmək üçün belə fikir səsləndirmişdi. Ancaq bunun da günahı AFFA-dadır. Azərbaycanlıları bir kənara atıb, yoldan keçənləri milli komandalara dolduranda belə bir fikir səsləndirən ortaya çıxacaqdı. Niyə demirlər ki, Gürcüstandan təklif aldıq, amma qəbul etmədik.

 

Mehman Əşrəfov

Xəbər xətti