Bir ay keçdi, hesabatdan xəbər yoxdur - QEYD

18:57 - 9 İyul 2019

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesablı məğlubiyyətlərindən bir ay ötür.

 

Slovakiya ilə oyundan sonra İcraiyyə Komitəsinin iclası keçirildi və baş məşqçi Nikola Yurçeviçdən hesabat tələb edildi.

 

AFFA-nın saytı belə bəyanat yaymışdı:

 

“Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq. İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər”.

 

Bir ay keçdi, artıq unutdular. Nə Yurçeviçin hesabatına, nə də AFFA rəsmilərinin biabırçı məğlubiyyətlərə görə açıqlamasına rast gəlindi.

 

Ötən günlərdə Misir millisi Afrika Millətlər Kubokunun 1/8 finalında Cənubi Afrika millisinə 0:1 hesabı ilə uduzdu. Şok məğlubiyyətdən sonra federasiya prezidenti Hani Abo Rida və baş məşqçi Xavyer Aqirre nəticəni biabırçı adlandırıb, istefa verdilər. Günahı meydana çıxan futbolçuların üzərinə yıxmadılar...

 

Bəs bizdə necə oldu? AFFA-nın bəyanatı:

 

“İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər”.

 

Niyə bir dəfə AFFA məmurlarından kimsə məğlubiyyəti üzərlərinə götürmür? İstefa mədəniyyəti olmayanlar günahı məşqçilərin və futbolçuların üzərinə yıxır.

 

Əlbəttə, bizim Salahımız, Trezegemiz yoxdur. Dövlətin ayırdığı maliyyə ilə bölgələrdə şərait yaradılmadı, pulu havaya sovurdular, futbolçu yetişdirmədilər, indi də yerli oyunçu qıtlığıdır. Buna görə də, milliləşdirmə prosesi yenidən sürətlənib. Azərbaycan futbolu bir qrup şəxs üçün pul qazanmaq yeridir, istədiklərini edirlər.

 

Yığma komandalara Türkiyə, Almaniya, İsrail, Rusiyadan əcnəbi futbolçular axışmaqda davam edəcək, azərbaycanlılar isə futboldan zorla küsdürüləcək.

 

Futbol ictimaiyyəti də milli komandaların uğursuz çıxışınının günahını baş məşqçilər və oyunçularda deyil, federasiyada görür.

 

Belə sistemlə uğur gözləmək və arzulamağa dəyməz. Hər şey göz qabağındadır. Hörmətsizlik davam edir...

 

Mehman Əşrəfov

Xəbər xətti