“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı. Avropada təcrübəsi daha zəngin komanda ilə oyunlarda Ağdam klubu ağ bayraq qaldırdı. APOEL “Partizani” və “Dandolk” deyil, ancaq səfərdəki qələbə böyük inam vermişdi.
Meydana gələn, oyunu TV-dən izləyən hər kəsdə böyük inam hissi var idi. Lakin ötən gün futbol “Qarabağ”ın üzünə gülmədi.
İlk oyunda 90+5-də buraxılan qol və rəqibdə baş məşqçi dəyişikliyi “Qarabağ”ın əlehinə işləyən amillər oldu. Həmin qol olmasaydı, bəlkə də, fərqli oyun olacaqdı, başqa taktikalar savaşacaqdı.
Yeni baş məşqçi Tomas Doll APOEL-in uğur qazanmasında əsas pay sahibi oldu. 6 gün ərzində o, “Qarabağ”ı sıfırdan incələdi, hər şeyi detallı şəkildə araşdırdı. Qələbənin şifrəsini müəyyənləşdirdi, ağdamlılara sürpriz hazırladı.
Nikosiyalılar ilk oyundakından fərqli taktikaya üstünlük verdi. Dördlü müdafiə ilə oynamağı seçən Kipr klubu “Qarabağ”ı meydanın mərkəzindən qarşılayırdı.
Meydanda ilk oyunda məğlub olan APOEL deyildi, bütün mövqeylərdə diqqəli oynadılar, hər top uğrunda mübarizə apardılar.
İlk oyunda rəqib müdafiəçilərin başını hərlədən Abdullah Zubir mövqeyində istədiyini edə bilmədi, real qol imkanını qaçırdı.
“Qarabağ”ın pis oyun göstərdiyini demək olmaz. APOEL həddindən artıq istəkli və motivasiyalı çıxmışdı meydana. İstəklə yanaşı, futbolçunun keyfiyyəti də vacibdir. Nə qədər motivasiyalı olursan, ol, keyfiyyət olmayandan sonra nə faydası? Təbii ki, APOEL futbolçularının keyfiyyəti qat-qat üstündür.
Acı məğlubiyyətdir və bu da komandaya təsir edir.
Bunu birdən-birə unutmaq asan deyil. Bu məğlubiyyət iki mövsüm öncə Çempionlar Liqasında “Viktoriya” ilə oyunu xatırlatdı mənə. Həmin matçda olduğu kimi, üstünlüyü qorumaq mümkün olmadı.
Çempionlar Liqası macərası başa çatdı, indi yeni yola çıxan “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla uğursuzluğu unutdura bilər.
Bunun üçün Şimali İrlandiyanın “Linfild” klubunu mübarizədən kənarlaşdırmaq lazımdır. Heyətdə itkilər olsa da, “Qarabağ”ın bunu bacaracaq gücü var.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi