Dörd tura başa çatan çempionluq yarışı

13:18 - 16 Sentyabr 2019

Azərbaycan Premyer Liqasında IV tur başa çatdı.

 

Turun ilk görüşü Sumqayıtda baş tutdu. Eyniadlı komanda evdə “Zirə”yə 1:2 hesabı ilə uduzdu. Əvvəlki turlarda olduğu kimi, “Sumqayıt”ın əlehinə yenə hakim səhvləri oldu. “Zirə”nin qələbə qolunu vuran Şafik Tiqrudja topu əllə saxladıqdan sonra qapıdan keçirdi. Baş hakim Kamal Umudluya edilən kəskin etirazların faydası olmadı, əvəzində isə meydan sahiblərinin müdafiəçisi Rail Məlikov sarı vərəqə aldı. Bu da komandanın növbəti xal itkisinə səbəb oldu.

 

 

İkinci turda “Səbail”lə ev oyununda da “Sumqayıt”ın lehinə hakim qərarları olmuşdu. Oyundan sonra klub prezidenti Riad Rəfiyev hakimlərin qərəzli olduğunu dilə gətirdiyi üçün AFFA İntizam Komitəsi ona xəbərdarlıq etmişdi. İndi isə “Sumqayıt” cəbhəsində etiraz edən, səsini çıxaran yoxdur. Hamı sakit durub, komanda isə səhvlərdən sonra sonuncu pilləyə yuvarlanıb...

 

 

“Gənclik şəhəri” təmsilçisinin dörd turdan sonra üç xalı var. Ayxan Abbasov əlindəki kollektivi yaxşı formalaşdırıb, döyüşkən komanda yaradıb.

 

İddialı heyət quran “Zirə” isə daha çox nəticəyə oynayan komanda təsiri bağışlayır. “Qartallar” hələ ideal futbol sərgiləyə bilmir. Yəqin ki, yeni transferlərin bir-birini anlaması üçün bir neçə tur da lazımdır. Samir Abasovun kollektivinin ilk üç pillədən birini tutmaq potensialı var.

 

Günün ikinci matçında “Sabah” “Qəbələ”ni qəbul etdi. Cari mövsüm qələbə qazanmayan komandaların duelində qonaqlar sevindi – 1:0. Bu oyunda da kobud hakim səhvi oldu. “Sabah”ın futbolçusu Rəşad Eyubov əllə oynasa da, hakim ağ nöqtəni göstərmədi. “Qəbələ” qalib gəldiyi üçün kobud səhv gözə görünmədi.

 

undefined

 

Ötən tur baş məşqçisi Sənan Qurbanovu istefaya göndərib, əvəzinə Elmar Baxşıyevi “sükan arxası”na keçirən “Qəbələ”nin oyununda canlanma hiss edilirdi. Gənc mütəxəssis kollektivi ruhlandırdı, “Sabah”ı yaxşı incələdi, üç xalı cibinə qoydu. İkinci hissənin əvvəlində fərqlənən “qırmızı-qaralar”ın oyun nizamı pozulmadı. Komanda hesab arasındakı fərqi artıra da bilərdi.

 

undefined

 

“Sabah” isə bu məğlubiyyətdən sonra Elşad Əhmədovu baş məşqçi postundan uzaqlaşdırdığını açıqladı. Bu, cari mövsüm ikinci baş məşqçi istefası oldu. Paytaxt klubunun çempionatda ilk üç pillədə qərarlaşması üçün yaxşı kollektivi var. “Sabah” bu mövsüm qələbə qazanmayan yeganə klubdur. Dəyişiklik komandaya müsbət təsir etməlidir.


“Keşlə” – “Səbail” oyununda da hakim səhvi öz sözünü dedi. “Səbail” 2:1 hesabı ilə qalib gəldiyi oyunda ilk qolu oyundankənar vəziyyətdən vurdu. İlk turda “Zirə”ni haqsız penalti ilə məğlub edən “Səbail”ə ikinci turda Sumqayıtda yerli komanda ilə oyunda da yardım edildi. Bu dəfə isə “Keşlə” “qurban” oldu.

 

Image may contain: 4 people, stadium and outdoor

 

Ardıcıl iki qələbə ola bilsin ki, Tərlan Əhmədovun kollektivini arxayınlaşdırmışdı. Baş məşqçi özü də komandasının ilk hissədə zəif oynadığını dedi. Fasilədən sonrakı fəallıq isə nəticə vermədi. “Keşlə” təsəlli qolla kifayətləndi.

 

“Keşlə” növbəti turda “Neftçi” ilə görüşəcək. “Ağ-qaralar”dan qalmaqallı şəkildə ayrılan Tərlan Əhmədov indi haqq-hesab edə bilər. Çünki artıq əlində yaxşı komanda var. Əhmədovun “Neftçi” ilə oyunu səbirsizlikə gözlədiyindən əmin olmaq olar.

 

Tura Azərbaycan derbisi ilə yekun vuruldu. Avropa Liqasında “Sevilya” ilə oyun öncəsi “Neftçi”ni qəbul edən “Qarabağ” rahat qələbə qazandı – 2:0. Bununla da çempionluq yarışı başa çatdı. Ağdam klubu əsas rəqibini asan şəkildə məğlub etməklə bütün komandalardan üstün olduğunu bir daha nümayiş etdirdi. Digər komandalar Avropa Liqasına vəsiqə qazanmaq və 2-3-cü yerlər uğrunda mübarizə üçün yarışacaq.

 

Image may contain: 1 person, playing a sport, stadium and outdoor

 

“Qarabağ”ın yeni transferi Asmir Beqoviç barədə yalnız xoş sözlər yazmaq lazımdır. Azərbaycan çempionatında indiyə qədər belə səviyyəli qapıçı olmayıb. Bosniya və Herseqovina millisinin qolkiperi hava toplarında olduqca rahat, inamlı və sakit idi. Bu, “Qarabağ”ın qapıçılarında ən böyük çatışmazlıqardan idi. Elə bu mövsüm Avropa Kuboklarında “Qarabağ” buraxdığı qolların əksəriyyətini standart vəziyyətlərdən görüb. Beqoviçin necə səviyyəyə malik olduğunu görmək üçün 90 dəqiqə kifayət etdi. Əminliklə söyləmək olar ki, 32 yaşlı əlcək sahibi “Qarabağ”a Avropa Liqasında böyük kömək edəcək.

 

Image may contain: 4 people, people playing sports and outdoor

 

Beqoviç dörd ay oynamasa da, təcrübəsi ilə oyuna nəzarət etdi. Bosniya və Herseqovina millisinə dəvət almamasında bir qədər özünün də günahı var. Çox oynamırdı və buna görə kənarda qalmışdı. Həm də Robert Prosineçki İbrahim Şehiçi yaxından tanıyırdı. “Qarabağ”da oynamaqla Beqoviç yığmada yenidən “bir nömrə” ola bilər.

 

“Neftçi” ilə oyun “Qarabağ” azarkeşlərinə, futbol ictimaiyyətinə “Sevilya” ilə matç öncəsi böyük ümid verdi. “Qarabağ”ın sıx təqvimi olan əndəlüsiyalılardan ən azı bir xal almaq gücü var.

 

“Neftçi”nin yeni transferi Donald Gerye debüt görüşündə sabiq komandası “Qarabağ”a qol vurmaq üçün çox çalışsa da, buna nail ola bilmədi.

 

Image may contain: one or more people, people playing sports, stadium and outdoor

 

“Neftçi” rəhbərliyi görəsən, nəyi düşünür? Komanda artıq “Qarabağ”dan səkkiz xal geri qalır. Hələ dörd tur keçib. İndidən belə xal fərqi yaranıbsa, qışa qədər bu, daha da artacaq. Futbolçular da meydanda ruhsuz görünür. “Ağ-qaralar” “Bney Yehuda” ilə oyunların şokundan hələ də ayılmayıb.

 

“Keşlə” ilə oyundakı uğursuzluq Premyer Liqada üçüncü baş məşqçi istefasına səbəb ola bilər. Çünki Roberto Bordinin komandanı toparlaya bilmədiyi açıq-aşkar görünür.

 

Mehman Əşrəfov

Xəbər xətti