Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu.
Turun ilk matçı Sumqayıtda baş tutdu. “Sumqayıt” baş məşqçisini istefaya göndərən, çempionatda qələbəsi olmayan “Sabah”ı qəbul etdi. Autsayderlər sırasından uzaqlaşmaq üçün hər iki komandaya qələbə vacib idi. Buna görə də matçın gərgin mübarizə şəraitində keçəcəyi əvvəlcədən bəlli idi. Rövşən Babayevin rəhbərliyi altında oyuna çıxan “Sabah”ın sxemində bir neçə dəyişiklik var idi. Ruslan Abışovun ona yad olmayan dayaq yarımmüdafiəçisi mövqeyində çıxış etməsi və Filip İvanoviçin start heyətdə yer almasını buna misal gətirə bilərik.
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov yerli və millliləşdirilmiş futbolçulardan ibarət yaxşı kollektiv formalaşdırmaqdır. Çempionatın ilk turlarında hakim səvləri olmasaydı, “Gənclik şəhəri” təmsilçisinin xalı daha çox ola bilərdi. Abbasovun əlindəki heyətlə yaxşı iş ortaya qoyduğunu deməliyik. Qol epizodlarının kasad olduğu matçın taleyini elə bir qoll həll edəcəkdi. Bu qolu da meydan sahibləri vurdu. Bu da “Sumqayıt”a vacib üç xal qazandırdı.
“Sabah” isə iddialı heyət qursa da, “qara zolaq”dan çıxa bilmir. Növbəti tur komanda “Səbail”lə vacib oyuna çıxacaq. Vəziyyətin daha da gərginləşməməsi üçün bu oyunda komanda mütləq qələbə qazanmalıdır. “Sumqayıt” isə “Qarabağ”ın qonağı olacaq. Sumqayıtlıların Ağdam klubuna necə müqavimət göstərəcəyi maraqlıdır.
Günün ikinci görüşündə Elmar Baxşıyevlə yeni yola çıxan “Qəbələ” paytaxtda “Səbail”in qonağı oldu. Bayılda keçirilən oyunda heç-heçə qeydə alındı – 1:1. Baxşıyev futbolçuları meydanın hər qarışı uğrunda mübarizə aparmaqdan çəkinməyəcək dərəcədə motivasiya edib. Bunu “qırmızı-qaralar”ın “Sabah”la qalib gəldiyi oyunda görmüşdük. Bölgə klubu “Səbail”lə matçda da yaxşı təsir bağışladı. Baş məşqçi dəyişikliyinin “Qəbələ”yə müsbət təsir etdiyi görünür. Komanda uğurlu qrafik cızsa, Elmar Baxşıyev postunda qala bilər.
“Səbail” bu görüşdə hesabda geri düşdükdən sonra hücumlarda daha aktiv oldu. Klubun ətrafında gəzən maliyyə söz-söhbətlərinin komandaya təsir etmədiyi görünür. Bu da baş məşqçi Aftandilin Hacıyevin gördüyü müsbət işdir. “Dənizçilər” aparıcı futbolçularını saxlasa və bu gedişlə davam etsə, iddialı yerlərdə mövqeyini qoruya bilər.
Bazar günü turun bir görüşü keçirildi. Tərlan Əhmədov “Keşlə” ilə sabiq komandası “Neftçi” ilə haqq-hesab etdi. Mövsümə uğursuz başlayan “Neftçi”də sular durulmur. “Ağ-qaralar” bu dəfə “Keşlə” ilə bacara bilmədi – 0:0. “Neftçi”nin oyununda lider görünmür və belə çətin vəziyyətdə komandanı irəli aparacaq simaya ehtiyacı var. Bu cəhətdən paytaxt klubunda keyfiyyətli oyunçu çoxdur, amma ortada heç bir nəticə yoxdur. Beş turdan sonra komanda lider “Qarabağ”dan on xal geridədir.
Vəziyyət hər keçən tur daha da gərginləşir, azarkeşlər rəhbərliyin istefasını tələb edir. Maraqlıdır, “Neftçi” rəhbərliyi bunun fərqində deyil? Onsuz da belə hallarda rəhbərlik təzyiqdən qurtulmaq üçün baş məşqçini qurban verir. Sadəcə, Bordinin “Neftçi” ilə müqaviləsi mövsümün sonunda başa çatır. Onun istefaya göndərilməsi üçün böyük miqdarda təzminat ödənilməlidir. Yəqin ki, Bordinin istefa verməsini gözləyirlər.
“Keşlə” çoxlarının gözləmədiyi halda mövsümə pis başlamadı. İstədiyi komandanı quran Tərlan Əhmədov üst pillələrə göz dikə bilər.
Tura bazar ertəsi keçirilən “Zirə” – “Qarabağ” oyunu ilə yekun vuruldu. Gözlənildiyi kimi qarşılaşma qonaqların qələbəsi ilə başa çatdı – 3:1. “Qarabağ” Avropa Liqasında “Sevilya” ilə oyundan öncə “Neftçi”ni, ötən gün isə “Zirə”ni yendi. İki çempionat oyununda Ağdam klubunun büdrəyəcəyini ehtimal etmək olardı. Ancaq sıx təqvimə baxmayaraq, “Qarabağ” hər iki görüşü çox rahat keçirdi. Ağdamlılar ilk hissədə meydan sahiblərinin səhvlərini bağışlamadı. Premyer Liqada rəqabət hiss etməyən Qurban Qurbanovun komandası xal fərqini hər ötən tur artırır. Ötən mövsümlərdə “Qəbələ”, son olaraq “Neftçi” “Qarabağ”a müqavimət göstərirdi. Bu mövsüm isə komandalar “Qarabağ”dan açıq-aşkar geri qalır. Digər yeddi komanda isə avrokuboklar zonası üçün ciddi rəqabət aparacaq.
“Zirə” ikinci hissədə daha yaxşı təsir bağışladı. Xulio Sezar Rodriqesin cərimə zərbəsindən vurduğu gözəl qol bu mövsüm “Qarabağ”ın çempionatda buraxdığı ilk top oldu. Dördüncü yerdə qərarlaşan “Zirə”nin heyəti yaxşıdır və komanda yaxşı yuxarı yerlərə iddia edir. Yeni komanda quran Samir Abasov futbolçulara oyun sistemini aşılamaqdadır.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi