21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində səfərdə Fransaya 0:5 hesabı ilə uduzdu.
Komandalar arasında səviyyə fərqi ortadadır. Fransalı futbolçular “Nant”, “Lion”, “Monpelye”, “Seltik”, “Arsenal” kimi klubların üzvləridir. Azərbaycan millisi müdafiədə kobud səhvlərə yol verdi. Epizodlarda görünürdü ki, yığmada xətlərarası əlaqə istənilən səviyyədə deyil. Fransa yığması təcrübə və ustalığı ilə azərbaycanlı oyunçuları səhv etməyə məcbur edirdi. Milan Obradoviçin yetirmələri rəqibin əks-hücumları qarşısında aciz idi.
Komandanın qapıçısı Kamran İbrahimov bir neçə epizodda millini real qoldan xilas etdi. Yığmanın müdafiəçisi Amin Seydiyev isə üç dəfə topu qapı xəttindən çıxardı. Azərbaycan millisi də ən azı bir qol vurmağa layiq idi. Komandanın heyətində İsmayıl İbrahimlinin cərimə zərbəsindən vurduğu zərbəni Alban Lafont çətinliklə dəf etdi. Anton Krivotsyukun künc zərbəsi zamanı başla zərbəsi qapı dirəyinə tuş gəldi. Son saniyələrdə Barış Ekincier də təhlükəli zərbə ilə yadda qaldı. Yekunda yığma 0:5 hesablı məğlubiyyətlə barışmalı oldu.
Azərbaycan millisi seçmə mərhələdə keçirdiyi dörd oyunda üç dəfə uduzub, birində qalib gəlib. İki qol vuran yığma 10 dəfə topu tordan çıxarmalı olub. Yığma öncəki iki məğlubiyyəti qonşu Gürcüstan (0:3) və Lixtenşteyndən (0:1) almışdı. Fransaya məğlubiyyəti başa düşmək olar. Seçmə mərhələdəki oyun göstərir ki, hələ yaxın 10 ildə də yığmanın səviyyəsi qalxmayacaq. Futbolçuların da bacardığı budur, bu sistemlə uğur gözləməyə dəyməz.
AFFA serbiyalı mütəxəssis Milan Obradoviçi seçmə mərhələdə ən azı ikinci yeri tutmaq üçün gətirmişdi. Üç xala görə, min bəhanə ilə Rəşad Sadıqovu postundan göndərmək nəyə lazım idi? Dörd oyuna üç xalı yerli mütəxəssislə də reallaşdırmaq olardı, hətta daha yaxşısını.
Rəşad Sadıqovun dönəmində yığmada canlanma yaranmışdı. Komandada oyun sistemi görünürdü. Ötən mərhələdə gənc oyunçulara güvənən Sadıqov bu tsikl üçün bünövrə qoymuşdu. U-16, U-18 və U-20 yığmalarının yaradılması ilə böyük addım atılmışdı. Vacib işlərlə gələcəyə inam bir az artmışdı. Lakin onların gedişindən sonra hər şey əvvəlki vəziyyətə qayıtdı.
Seçmə mərhələdəki hər uğursuzluqdan sonra məşqçilər dəyişəcək, amma rəhbər şəxslər postunda qalacaq. Ziyan isə Azərbaycan futboluna dəyir. Vaxt itirməyə davam edirik.
Məşqçilər Komitəsində əyləşən futbol adamlarının özbaşnalığa susması məyusedicidir. Onlar yanlış sistemə etiraz etməli, digər veteranlar da onlara qoşulmalıdır. Lakin bu gün futbol veteranlarının başı qalmaqala qarışıb, iki cəbhəyə bölünüb, bir-birlərinin qanını içirlər. Ayna özünü görə bilsəydi, başqalarına baxmazdı...
Mehman Əşrəfov
saytlarin hazirlanmasi