Kiprə saxlanılan tarixi şans

13:30 - 25 Oktyabr 2019

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL klubu ilə 2:2 hesablı heç-heçə etdi.

 

Ağdam klubunun qalib gəlmək şansları var idi, ancaq oyunun ssenarisinə baxsaq, bir xalı müsbət nəticə də saymaq olar.

 

Dani Kintanın qolu ilə hesabı açan Qurban Qurbanovun yetirmələri üçün oyun yaxşı başlamışdı. “Atlılar” sakit və rahat oynayırdı. Rəqibin “sındığını” və qolların ardının gələcəyini düşünürdük.

 

 

Hesabı erkən açan “Qarabağ” rəqibə iki qol hədiyyə etdi. Standart vəziyyətlər Azərbaycan futbolunun bəlalı yeridir. Bu mövsüm Avropada “Qarabağ”ın buraxdığı qolların yarıdan çoxu standart vəziyyətlərdəndir. 

 

Cərimə zərbəsindən ötürülən topa toxunan Maksim Medvedev avtoqola səbəb oldu. Az sonra daha bir bəxtsiz an yaşandı. Diqqətsiz davranan Rəşad Sadıqov ötürmə zamanı səhvə yol verdi. Rəqib də bundan maksimum istifadə etdi.

 

 

APOEL-in başqa qol epizodları olmadı, “Qarabağ”ın səhvlərindən düzgün istifadə etdilər.

 

Yaxşı oynasa da, “Qarabağ” fasiləyə məğlub durumda yollandı. Buna baxmayaraq, Azərbaycan çempionu ikinci hissəni də üstün keçirdi və hesabı zamanında bərabərləşdirdi. Üçüncü qolu vurmaq üçün çox cəhd edilsə də, alınmadı.

 

 

Xayme Romero və Mahir Emrelinin zədəli olması oyuna təsir etdi. Zədəli halda ikinci hissədə oyuna qoşulan Mahir irəli xəttin canlanmasına səbəb oldu. Formaya düşməyən Maqaye Qeye “atlılar”a kömək edə bilmir.

 

Yaxşı oynayan həmişə qalib gəlmir. “Qarabağ” üç xala layiq idi və bunu öz oyunu ilə göstərdi. Futbolun da gözəlliyi ədalətsiz olmasındadır. APOEL Bakıda qazandığı bir xalla ümidlərini saxladı.

 

“Qarabağ” Kiprdə bu mövsüm bir dəfə qalib gəlib. Bunu yenə təkrarlamaq və ən azı bir xal qazanmaq lazımdır.

 

 

APOEL-in baş məşqçisi Tomas Doll “Qarabağ”ın oyun sistemini yaxşı incələyib. Komandasına ağdamlılara qarşı necə oynamaq lazım olduğunu yaxşı başa salıb. Doll “Qarabağ”la Bakıda keçirdiyi ikinci oyunda da uduzmadı. Növbəti dueli səbirsizliklə gözləyək.

 

Ümumi götürsək, “Qarabağ” oyunu yaxşı keçirdi və rəqibdən aşkar üstün oldu. Müdafiə xəttindəki səhvlərə baxmayaraq, komandanın hücum oyununda müsbət məqamlar var idi. “Qarabağ” bu oyunu Kiprdə nümayiş etdirsə, APOEL üçün yenə çətin olacaq.

 

Üç tur başa çatdı və komandaların cavab oyunları baş tutacaq. “Qarabağ” APOEL və “Sevilya” ilə oyunları səfərdə keçirəcək, “Düdelanj”ı Bakıda qəbul edəcək.

 

“Qarabağ”ın tarixi nəticə qazanması üçün şansları var. Azərbaycan təmsilçisi qrupda ikincidir. APOEL-ə səfərdə uduzmamaq və evdə “Düdelanj”a qalib gəlmək lazımdır. “Sevilya” qrupda aşkar favoritdir və demək olar, məsələni həll edib. Yazmaq, söyləmək təbii ki, ən rahat işdir. Son tura qədər gərgin mübarizənin davam edəcəyi aydın məsələdir.

 

APOEL-lə cavab oyunu altı xallıq olacaq. “Qarabağ” qrupda ən vacib oyununu keçirəcək. Kiprdə məğlub olmasaq, “Qarabağ” yeni tarix üçün önəmli addım atacaq.

 

Mehman Əşrəfov

Xəbər xətti