Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vuruldu.
Tura Azərbaycan derbisi ilə start verildi. 8-ci km stadionunda keçirilən “Neftçi” – “Qarabağ” oyunu qolsuz heç-heçə ilə başa çatdı. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən ağdamlılar nəticədən razı ola bilər. Avropa Liqasında APOEL-lə səfər oyunu öncəsi “Qarabağ” üçün yaxşı sınaq oldu. Özünə gələn “Neftçi” matçda bütün gücünü ortaya qoydu.
“Qarabağ”a məğlub olmamaq sərf edirdisə, “Neftçi”yə qələbə mütləq lazım idi. Roberto Bordinin kollektivi “köhlən atlar”ın sıx təqvimindən istifadə edib, xal fərqini 5-ə sala bilərdi. Lakin “ağ-qaralar” bu işin öhdəsindən gələ bilmədi və 8 xallıq fərq davam edir.
“Səbail” – “Keşlə” oyunu da qolsuz heç-heçə ilə yekunlaşdı. Meydan sahibləri təmiz qol vursa da, qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə kobud səhvə yol verdi. “Səbail”in müdafiəçisi Ürfan Abbasovun zərbəsindən sonra top rəqib müdafiəçinin ayağına dəyib toru silkələdi. Ancaq referi və yan xətt hakimi bu epizodu düzgün müəyyənləşdirə bilmədi. Həmzəzadə Fəhmin Muradbəylinin əllə oynadığını əsas gətirərək, təmiz qolu ləğv elədi. Ardıcıl məğlubiyyətlərdən sonra “Səbail”in qələbəsinə hakim mane oldu. Küləkli hava şəraitində keçən oyunda futbol adına gözəllik görmədik.
Aftandil Hacıyevin kollektivi uğursuz zolağa düşsə də, hələ də 4-cü sırada qərarlaşıb. Geniş heyəti olamayan komanda son 5 turda 2 xal toplayıb.
Üçüncü yerin sahibi “Keşlə” ən yaxın izləyicisi “Səbail”i 5 xal qabaqlayır. “Səbail”, “Sumqayıt”, “Sabah” və “Zirə” isə qonşu pillələrdə qərarlaşıb.
Növbəti “sülh” Zirədə reallaşdı. Qəsəbəni təmsil edən eyniadlı komanda “Sumqayıt”ı qəbul etdi. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə reallaşdı. Zaur Həşimovun gəlişindən sonra “Zirə”nin oyun planında dəyişiklik görünmür. Hesabda iki dəfə öndə olan “qartallar” üstünlyü qoruya bilmədi. Komandanın müdafiə və yarımmüdafiə xətti ilk hissəni olduqca aşağı səviyyədə keçirdi. Bu axsağlığı görən “Sumqayıt” ilk 45 dəqiqədə real qol şansları yaratdı, ancaq komandanın hücumçusu Peyman Babayi epizodları sağa-sola xərcləməklə məşğul oldu. Peymanın əvəzinə qol duyumu daha yaxşı olan Amil Yunanov start heyətdə olsaydı, bu vəziyyətlərdən daha yaxşı istifadə edə bilərdi. Yəqin ki, Ayxan Abbasov növbəti oyunda belə üsulla Peymanı “cəzalandıracaq”.
Yerli və milliləşən futbolçulardan ibarək döyüşkən komanda yaradan Ayxan Abbasovun nəticəsini qənaətbəxş saymaq olar. “Gənclik şəhəri” təmsilçisi heç bir komandaya asan təslim olmur, bütün oyunlarda mübarizə aparır.
“Zirə”də vəziyyəti stabilləşdirmək lazımdır. Komanda üzvləri bir-birlərini anlamaqda çətinlik çəkir. “Zirə” kənardan ilk dəfə birgə oynayan komanda təsiri bağışlayır. Komandanı toparlamaq üçün Zaur Həşimova vaxt lazımdır.
Tura Qəbələdə yekun vuruldu. Şəhəri təmsil edən komanda “Sabah”a 1:2 hesabı ilə uduzdu. Bununla da paytaxt klubu mövsümdə ikinci qələbəsini qazandı. Geniş heyəti olan “Sabah” qələbə sayəsində əsas rəqiblərinə çatdı. Son üç oyunda “dirilən” bakılılar daha da irəli gedə bilər. Yaxşı heyət və yaradılan şərait bunu deməyə əsas verir.
Son pillədə qərarlaşan “Qəbələ” rəqiblərindən 4 xal geri qalır. Komandanın “Sabah”la matçda zəif oynadığını demək olmaz. Hesabı açan “qırmızı-qaralar”ın qələbəni qorumağa gücü yetmədi. Elmar Baxşıyev döyüşkən və mübariz komanda formalaşdırıb. Lakin döyüşməklə hər şey tamamlanmır. Çox vaxt keyfiyyət hər şeyi həll edir.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi