Acı məğlubiyyət

11:43 - 8 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-ə 1:2 hesabı ilə uduzan “Qarabağ” vəziyyətini düyünə saldı. Rəqibindən üstün oynayan ağdamlılar yekunda ağ bayraq qaldıran tərəf oldu. Bəxt amili APOEL-lə oyunlarda “Qarabağ”ın yanında olmadı. Oynayan “Qarabağ”, matçı aparan APOEL oldu.

 

Bakıdakı oyunun ssenarisi Nikosiyada təkrarlandı. Erkən qol vuran “Qarabağ” real imkanları boşa verməklə məşğul oldu. 60 dəqiqə ərzində meydan sahiblərinin oyunu alınmırdı. Bir saat ərzində Qurban Qurbanovun kollektivi ən azı daha 2 qol vura bilərdi. Epizodlar dəyərləndirilməyəndə matçın belə axarda davam edəcəyini gözləmək olardı.

 

 

APOEL təcrübəli komandadır və heyətində oyunu çevirə biləcək futbolçular var. Belə də oldu. “Qarabağ” üstün olduğu oyunu rəqibə verdi. Hər iki qol yenə standart vəziyyətdən buraxıldı. Standart vəziyyətlər Azərbaycan futbolunda şifrəsi tapılmayan “qara qutu”dur.

 

 

İlk buraxılan qolda Riçard Almeyda həmyerlisi Lukas Souzanın qol vurmasını əlacsız şəkildə izlədi. İkinci qolda Efrem boş qalmışdı və onun zərbəsindən sonra cərimə meydançasında qarışıqlıq yarandı. Bundan kiprlilər maksimum istifadə etdi. Ağdam klubu bu mövsüm Avropada qolların yarıdan çoxunu standart vəziyyətlərdən sonra qapısında görüb. APOEL-in ciddi qol epizodları çox olmadı, sadəcə, “Qarabağ”ın səhvlərindən düzgün istifadə etdi.

 

 

Komandanın heyətində Mahir Emrelinin yoxluğu açıq şəkildə görünürdü. Müdafiə qüsursuz,yarımmüdafiə xətti yaradıcı idi. Yalnız hücumdakı dişsizlik “Qarabağ”ın işlərini korladı. Qoldan bir neçə dəqiqə sonra zədələnən Dani Kintana da Qurban Qurbanovun planlarını pozdu.

 

Bu səbəbdən də meydana Maqaye Qeye daxil oldu, oyuna hücumçu kimi başlayan Araz Abdullayev isə cinaha çəkildi. Düzdür, Daninin meydanı tərk etməsi, “Qarabağ”ın ideal oyun nizamını pozmadı. Sadəcə, qol epizodları sağa-sola xərcləndi. Maqaye meydanda olduğu dəqiqələrdə komandaya fayda verə bilmədi. Dino Ndlovunun gedişindən sonra “Qarabağ” hələ də hücumçu problemini həll edə bilməyib. Belə vacib oyunlarda 4-5 real qol vəziyyətini qola çevirə biləcək bitirici hücumçu yoxdur.

 

 

Matçın sonlarında Miçel də zədələndi və əvəzinə müdafiəçi Abbas Hüseynov daxil oldu. Beşli müdafiəyə keçən “Qarabağ” meydanın mərkəzini rəqibə təhvil verdi. Təzyiqi artıran APOEL “Qarabağ”ı səhv etməyə məcbur etdi və qələbə qolunu vurdu.

 

Tomas Dollun gəlişindən sonra APOEL “Qarabağ”a qarşı keçirdiyi 3 oyunun 2-də qalib gəldi, 1-də heç-heçə etdi. Almaniyalı mütəxəssis “Qarabağ”ı detallı şəkildə incələyib. Avqustda “Qarabağ”ı ÇL-dən uzaqlaşdıran Doll indi də qrupda “köhlən atlar” üzərində üstünlük qazandı. “Qarabağ”ın APOEL-lə oyunlarda pis oynadığını demək ədalətsizlik olar. Hətta rəqibdən də gözəl oyun nümayiş etdirən “Qarabağ” səhvlərinin qurbanı oldu. APOEL yaratdığı minimum qol şanslarını 100 faiz dəyərləndirdi. Yaxşı oynamaq qalib gəlməyi qarantiləmir. Ustalıq və bəxt amili də səninlə olmalıdır. “Qarabağ” qələbəyə layiq olduğu halda məğlub oldu. Bəlkə də, 1/16 final mərhələsinin üzərindən xətt çəkildi. İstənilən halda, mübarizə son tura qədər davam edəcək.

 


Nikosiyada acı məğlubiyyət qeydə alındı. İndi şanslar “Qarabağ”ın əlində deyil. “Sevilya” növbəti mərhələyə vəsiqəni təmin edib. Qrupda digər şanslı komanda daha çox APOEL-dir. Nikosiyalılar səfərdə “Düdelanj” və evdə “Sevilya” ilə qarşılaşacaq. “Qarabağ” isə “Sevilya”nın qonağı olacaq və “Düdelanj”ı qəbul edəcək. Əgər yekunda “Qarabağ”la APOEL-in xalları bərabər olsa, şəxsi oyunlardakı nəticələrə görə vəziyyət Kipr təmsilçisinin lehinə olacaq. Buna görə də, nə qədər çətin olsa da, “Qarabağ” “Sevilya” səfərində xal qazanmalı, evdə “Düdelanj”ı məğlub etməlidir. APOEL-in isə Lüksemburqda büdrəməsinə ümid etmək qalır.

 

Mehman Əşrəfov

Xəbər xətti