Dəyişiklik astanasında - QEYD

13:13 - 20 Noyabr 2019

Seçmə mərhələni 1 xalla başa vurduq və 20-ci əsrdəki anti-rekordu təkrarladıq. Hər ötən gün geriyə doğru addımlayırıq. Bunları yuxudan ayıltmaq lazımdır ki, səhv yoldur, istiqaməti dəyişin. Milli komandaların göstəriciləri getdikcə daha da pisləşir.

 

U-17, U-19 və U-21 yığmalarının da nəticələri azarkeşləri üzür. Yeganə çıxış yolu sistemi kökündən dəyişməkdir. İndiki AFFA məmurları futbolu inkişaf etdirməyi bacarmır, ona görə də qan dəyişikliyi vacibdir.

 

Veteranlar iki cəbhəyə bölünsə də, çoxu ayağa qalxıb. Onlar da bu sistemə etiraz edir, federasiyanın yanlış yolda olduğunu deyirlər.

 

Seçmə mərhələdən öncə AFFA-nın baş katibi Elxan Məmmədov hədəfin Avropa çempionatına vəsiqə qazanmağın olduğunu demişdi, lakin Nikola Yurçeviç açıqlamalarında bunu təsdiq etmirdi. Təsəvvür edin, bu iki şəxs görüşür, amma yığma üçün hədəf müəyyənləşdirə bilmirlər. 

 

Yurçeviç anlayır ki, çürük meyvələrlə nəsə alınan deyil. AFFA rəsmisi isə hədəfin olmadığını desə, ondan hesabat tələb edərlər. Çünki 10-15 ildir ki, ölkə futboluna milyonlar ayrılır. Bu qədər maliyyənin qarşılığında hədəfin olmadığını deyə bilməz. Lakin qazandığımız cəmi 1 xal oldu. Bu da AFFA-nın illərlə gördüyü işin bəhrəsi. Buna görə federasiyadakı məmurlardan biri məsuliyyəti öz üzərinə götürəcək?

 

Sistem bərbad gündədir. Yurçeviç də istefaya göndəriləcək. 5-10 nəfər ölkə futbolundakı “planlar”a davam edəcək.

 

Nikola Yurçeviç güclü baş məşqçi deyil, amma hər şeyi onun üzərinə atmaq düzgün olmaz. Xorvatiyalı mütəxəssisi tənqid etməmişdən öncə bir addım da qabağa gəlin və futboldan istifadə edib, xalqı tar-mar edənləri görün.

 

Bəhlul Mustafazadə, Emil Balayev, Renat Dadaşov, Vüsal İsgəndərli, Ramil Şeydayev, Mahir Emreli və digər gənclərlə millidə yeni nəsil formalaşır. Mübariz kollektiv yaratmaq mümkündür. Çempionatın və digər liqaların səviyyəsi qalxsa, milli komandaya da təsir edəcək. Ancaq yorğun AFFA futbolu inkişaf etdirməkdə aciz qalıb, bacarmırlar. Ona görə də gələcəyə ümidlə baxmaq olmur.

 

Bizə gözləmək qalır, görək, nə dəyişikliklər baş verəcək. Ümumiyyətlə, olacaqmı?

 

Mehman Əşrəfov

Xəbər xətti