“Qarabağ”ın çempionluq taxtından enməsi realdır?

10:00 - 3 Fevral 2020

Premyer Liqada qış fasiləsi başa çatdı. 15-ci tura Zirədə start verildi. Yerli komanda “Sabah”ı qəbul etdi.

 

Hər iki komandada qış fasiləsində dəyişikliklər baş vermişdi. “Zirə”nin baş məşqçisi Zaur Həşimov yeni transferlərdən 4-nü “döyüş”ə atmışdı. Davit Volkovla Ağabala Ramazanovun gəlişindən sonra “qartallar”ın hücum xətti daha da güclənib. Üstəlik, Riçard Qadze də geri dönüşündən sonra hər oyun komandaya fayda verir.

 

 

Yeni transferlərdən Ali Siseyin də debütü uğurlu alındı. Görünür, Zaur Həşimov istədiyi kollektivi formalaşdırmaq üzrədir. Komanda “Sabah”a qalib gəlməklə rəqibindən xeyli uzaqlaşdı, 4-cü pilləni ələ keçirdi.

 

“Sabah” əsas rəqibinə məğlubiyyətlə işini xeyli çətinləşdirdi. Komanda avrokubok zonasından aralıdır. Əslində, paytaxt təmsilçisi yaxşı komandadır və yeni transferlərin gəlişi ilə heyət güclənib. Komandada çatışmayan cəhətlərdən biri qol vəziyyətlərini reallaşdırmamasır. Yevgeni Koçuk, Mario Marina, Marko Deviç, Xulio Sezar kimi futbolçuların gəlişi komandaya əlavə güc verməlidir. Yeni transferlərin komandaya uyğunlaşmasından sonra fərqli “Sabah” görmək mümkündür.

 

Günün ikinci oyununda “Neftçi” Füzuli Məmmədovun rəhbərliyi altında ilk rəsmi oyununu keçirdi. “Ağ-qaralar” çətin rəqibə çevrilmiş “Sumqayıt”ın öhdəsindən yenə də gələ bilmədi. İlk hissənin sonlarında Voislav Stankoviç Mehdi Şərifinin qarşısını kobudla aldığı üçün qırmızı vərəqə ilə meydandan qovuldu. Cərimə zərbəsini yerinə yetirən Rəhim Sadıxov qonaqları hesabda irəli çıxardı.

 

Ayxan Abbasov “Sumqayıt”da döyüşkən kollektiv yaradıb. Hesabı açdıqdan sonra sumqayıtlılar fərqi daha da artıra bilərdi. Ancaq meydan sahibləri məğlubiyyətdən xilas ola bildi. Baqali Dabonun oyundankənar vəziyyətdən vurduğu qol qeydə alındı. Yan xətt hakiminin kobud səhvinə görə, “Sumqayıt” 3 deyil, 1 xal qazandı və 4-cü yeri “Zirə”yə təhvil verdi.

 

Image may contain: 4 people, people playing sports and outdoor

 

Mövsümün əvvəlində də “Sumqayıt” ardıcıl bir neçə oyunda hakim səhvlərinə görə xallar itirdi. Bununla bağlı klub prezidenti Riad Rəfiyev müsahibəsində sərt fikirlər səsləndirdiyi üçün AFFA-dan ciddi xəbərdarlıq aldı. Buna görə də hakim səhvlərindən sonra “Sumqayıt” cəbhəsində hamı sakit dayanır, səsini çıxaran olmur.

 

“Neftçi”də isə sular durulmur. Komandanın hələ Antalya toplanışındakı yoxlama oyunlarında çatışmazlıqlar görünürdü. Düzdür, yoxlama oyunları ilə rəsmi görüşlər eyni səviyyədə deyil. Lakin həmin qarşılaşmalar bir çox siqnallar vermişdi. Roberto Bordinin gedişindən sonra komandada müsbət dəyişiklik görünmür. Komanda bir hissəni 10 nəfərlə keçdi və ilk oyuna görə Füzuli Məmmədovun işinə qiymət vermək doğru olmaz. Bəlkə də, növbəti oyunlarda “Neftçi”ni relsə salacaq. Lakin komandada inamsızlıq görünür. Sanki futbolçularda ruh düşkünlüyü var.

 

Image may contain: 1 person, playing a sport and outdoor

 

“Neftçi” rəhbərliyi Bordinlə yolları ayırdıqdan sonra postu köməkçisi Füzuli Məmmədova tapşırmağa qərar verdi. Məmmədovun özünü təsdiqləmək üçün qarşıda xeyli zamanı var. Komandanı oyunlara kökləməli və qazanılan nəticələrlə özünü rəhbərliyə sübut etməlidir.

 

“Neftçi”ni növbəti turda lider “Qarabağ”la derbi gözləyir. Komanda çempionluq yarışında qalmaq üçün ağdamlılara qalib gəlməlidir. Görək, Füzuli Məmmədov və komandası bu çətin vəzifənin öhdəsindən gələ biləcək?

 

Günün 2-ci oyun günündə “Keşlə” səfərdə “Qəbələ”nin qonağı oldu. Meydan sahibləri ilk hissədə qapısında 2 qol gördü. Ancaq Elmar Baxşıyevin komandası heç də pis mübarizə aparmadı. Komandanın əsas problemi hücum xəttindəki dişsizlikdir. Baş məşqçi oyundan sonra yeni hücumçunun yolunu gözlədiyini açıqladı.

 

undefined

 

“Keşlə” isə qələbə ilə 2-ci pilləyə yüksəldi. İlk hissədə qələbə qollarını vuran paytaxt təmsilçisi hesabı qoruya bildi. “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mövsümün ilk yarısında heyətin kasad olmasından gileylənsə də, cəmi 2 oyunçu alındı. Ancaq komanda bu stabilliyi qorusa, üst sıralarda qalacaq.

 

Tura “Səbail” – “Qarabağ” matçı ilə yekun vuruldu. Ağdamlılar heyəti zəifləyən rəqibinin ciddi müqaviməti ilə üzləşdi. Qonaqlar matçın sonlarında qələbə qolunu vura bildi.

 


Fasilədən sonra ilk oyunlar ağır keçir. Buna görə də “Qarabağ” çətinlik çəkdi. Ağdamlıları növbəti turda ən yaxın izləyicisi “Neftçi” gözləyir. “Qarabağ” rəqibini məğlub etsə, çempionluq uğrunda mübarizə “ağ-qaralar” üçün başa çatacaq. Buna görə də “Neftçi” yalnız qələbə qazanıb, xal fərqini azaltmağa çalışmalıdır.

 

Həm də insanlardan soruşsan, hamı düşünmədən “Qarabağ”ın çempion olacağını deyəcək. Ardıcıl 6 dəfə Avropada qrup mərhələsinə düşən komandanın çempionluq mentaliteti var. Bu səbəbdən fikirlərinə haqq qazandırmaq olar. 

 

“Qarabağ” uzun illərdir cızdığı uğurlu qrafiklə təcrübəsini xeyli artırıb və birdən-birə çempionluğu hansısa komandaya verəcəyini gözləmək sadəlövhlük olar. Qurban Qurbanovun komandası digər rəqiblərindən açıq-aşkar güclüdür. “Qarabağ”ın çempionluq taxtından enməsi hələ yaxın bir neçə ildə qeyri-mümkündür.

 

Image may contain: 2 people, people playing sports and outdoor

 

Ötən mövsüm “Neftçi” “Qarabağ”la son turlara qədər müqavimət apara bildi, amma sonda təcrübə və səbir “Qarabağ”ı qalib etdi. “Neftçi”nin bu mövsüm uğursuzluğu Avropa Liqasının III təsnifat mərhələsində “Bney Yehuda”ya uduzması ilə başladı. Həmin oyunlardan sonra komanda heç cür toparlana bilmədi və çempionatın ilk dövrəsində çoxlu xallar itirdi. Axan qan ölkə kubokunun da əldən çıxması ilə nəticələndi. Yekunda isə Roberto Bordin vəzifəsindən göndərildi.

 

“Qarabağ”da Maqaye Qeyenin matçın sonlarında qaçırdığı real qol şansı diqqətdən yayınmadı. Həmin epizodda seneqallı hücumçunun artıq çəkidən hələ də əziyyət çəkdiyi göründü. Ləng davranan 29 yaşlı futbolçu qol fürsətindən istifadə edə bilmədi.

 

“Səbail” isə kasad heyətlə güclü rəqiblə layiqli mübarizə apardı. Aftandil Hacıyevin işi çətindir. Çünki komanda qış fasiləsində bir qədər də zəiflədi. Ağabala Ramazanov və Yevgeni Koçuk kimi fərdi keyfiyyətləri ilə komandaya fayda verən oyunçular əldən çıxıb.

 

Əvəzində, Maykl Essyen artıq start heyətdə oynamağa başlayır. Yaşına görə meydanda çox qaçmasa da, təcrübəsi ilə oyunda qalır. İstənilən halda, gənc azərbaycanlı futbolçular Essyen kimi ulduzdan nümunə götürməlidir. Ancaq biz gənc futbolçuların siqaret çəkdiklərinə görə yığmadan qovulduğunu və digər neqativ məlumatlar eşidirik.

 

 

Bayağı mədəniyyəti, kriminal elementləri təbliğ edən mahnılardan ilhamlanan bir çox gənc futbolçudan bundan artığını gözləmək lazım deyil. Deməli, təkcə idmana deyil, həyata olan baxışımızı dəyişməliyik. Bu isə uzun illərimizi alacaq.

 

Mehman Əşrəfov

Xəbər xətti