4 respublikadan biri: “Temp”li start - YAZI

23:15 - 1 May 2020

Azərbaycan futbolunun tarixi 100 ilini çoxdan ötüb. İstəsək, istəməsək də bunun 70 ili, əsasən formalaşma, inkişaf dövrü SSRİ dönəminə düşür. Siyasəti kənara qoyub futbol tariximizə, keçilən yola yenidən baxılmalıdır.

 

Böyük boşluq yaranıb. Orta, gənc nəsil müstəqillik illərimizdən o tərəfi geniş bilmir. Bu, onların günahı deyil, səbəbi illərdi futbol cavabdehlərinin tarixə biganə münasibəti, maarifləndirmə yönündə heç bir ciddi işlərin görülməməsidir.

 

Belə düşüncə futbolu bilməməklə yanaşı məqsədli xarakter daşıyır. Tarixi kökə varmamaq indiki biabırçı nəticələr fonunda sərfəlidir. Yeni nəslə “Azərbaycanda futbol olmayıb” düşüncəsi sırınır, bununla da uğursuzluqlara don geyindirilir.

 

20-25 ildir Lixtenşteyn, Kosovo, Lüksemburq təriflənə-təriflənə ölkə futbolu aşağılanır. Belə təfəkkür, idarəçiliklə artıq istedadlar da qeybə çəkilib. Sanki “San Siro”, “Marakana”da qollar vurmuş, “Uembli”, “Lujniki”də mərkəzi göstərənlər Azərbaycan futbol məktəbinin yetirmələri deyildi.

 

İnqilabdan sonra ötən əsrdə, 30-cu illərin ikinci yarısında sovetlər miqyasında futbola diqqət ayrılmağa başladı. Hətta ilk illərdə çempionatlarda cəmi 7-8 komandanın çıxış etdiyi vaxtlar da olub. Yaranışından dominant rollarda Moskva, Leninqradın bu günə kimi yaşayan məşhur klubları idi…

 

Çempionatın startından ilk rollarda, mükafatçılar sırasında Tbilisi və Kiyev “Dinamo”çuları da olub. İştirakçılar sırasında Bakı “Tempi” də var idi. 30-cu illərdə SSRİ çempionatlarında Rusiyadan başqa ilk olaraq üç respublika (ölkə), Ukrayna, Azərbaycan, Gürcüstan təmsil olunub.

 

Çox vaxt Azərbaycan futbolunu qonşularla müqayisə edirlər. Silsilə yazılarla bunların hamısı 10 illikləri əhatə edərək əsaslı təhlillərlə dəyərli oxuculara çatdırılacaq. Uğura, uğursuzluğa gedən, aparan yolları, tarixi bilmədən sabahın futbolu ola bilməz!

 

“Neftçi” Bakı, “Dinamo” (“Proqress”) Kirovabad (Gəncə), “Polad” (“Xəzər”, “Vosxod”), Sumqayıt, “Qarabağ” Xankəndi, “Araz” Naxçıvan, “Xəzər” Lənkəran, “Avtomobilçi” Mingəçevir/Bakı, “Qarabağ” Ağdam”, “Göyəzən” Qazax, “Bakılı”…

 

Müxtəlif illərdə əsasən bu klublarımız SSRİ çempionatlarının güclülər dəstəsindən tutmuş l, ll liqalarına kimi Azərbaycanı təmsil ediblər.

 

Yuxarıda qeyd olunan “Temp” və digər klublarımız, bölgələrimizi təmsil edən komandalar daha əvvəllər də İttifaq miqyasında çıxış ediblər.

 

30-cu illərdə futbolun ilk nizamlı hala salınması cəhdləri, addımları idisə, 40-cı illərdə ll dünya müharibəsi futbolu ikinci plana atmış oldu. Buna baxmayaraq savaş bitən kimi viranə qalmış şəhərləri dirçəldə-dirçəldə çempionat dərhal bərpa edildi. Onilliyin sonlarından “Neftçi”nin SSRİ elitasındakı yüksəliş, enişli-yoxuşlu onilliklərinə hazırlıq başladı…

 

(davamı növbəti yazılarda)

 

Tahir Süleymanov

Xəbər xətti