“Sabah” 3-cü ildir ki, Premyer Liqadadır. Ancaq bu qısa müddətə uyğun olmayan tənqid və ya gözlənti pressinqinə məruz qalması diqqət çəkir.
Güman ki, bu, klubun əvvəldə iddialı platformalar açıqlamasından doğur. Lakin gözləntinin məntiqi olmalıdır. Yeni klubdan uzun illərə söykənən, ənənəsi olan kluba aid tələblər səmimi görünə bilməz.
Məsələn, “Sabah” niyə yerli futbolçulara üstünlük vermir” – iddiası dominantdır. Azərbaycan Premyer Liqasının cari mövsümünün startındaca “Qarabağ”la üz-üzə gələn “futuristlər”in heyətində üçü 21 yaş limitinə düşən 8 yerli futolçu var idi. Hazırda bu rəqəmlə kluba qarşı tələbləri uzlaşdırsaq, tənqidlərin məqsədi və məntiqi aydın olmayacaq.
Düzdür, limitə düşənlərdən biri, Ceyhun Nuriyevin start heyətində çıxması avantürist təsir bağışlasa da, bir yandan başqa sual yaranır: bəs yerli futbolçunu haçan oynadasan?
“Sabah”ın buraxdığı boşluqlar da az deyil. Elə indiyədək baş məşqçi postuna kluba layiq adın tapılmaması...
Ancaq Qomesin performansı deməyə əsas verir ki, bu klub öz məşqçisini tapıb. Azərbaycançün ən vacib olan komponentlər – kommunkasiyalı olmaq və proqressiv futbola üstünlük vermək – ispan mütəxəssisdə bunlar var. Bu tip məşqçilər burda uğur qazana bilir. Bunlardan başqa, dəqiq müşahidələr deməyə əsas verir ki, Qomes özünü bu mühitdə rahat hiss edir və klubda da hərtərəfli istənən personadır. Zahirən primitiv görünsə də, əslində yerli xarakterli ən vacib detallardan biridir.
Onun gəlişindən sonra komandanın oyununda iddia etdiyi – müsbətə doğru dəyişiklik qabarıq hiss olunur. İxtiyarındakı zəngin heyətlə ispan çalışdırıcı, özünün də dediyi kimi, taktiki manevrlər etməyə hərtərəfli imkan qazanıb.
Bəs “Qarabağ”a 2 cavabsız qolla məğlubiyyət?
Oyunun detallı təhlili deməyə əsas verir ki, komanda məğlubiyyətlik oyun sərgiləmədi. “Atlılar”ın uzun illərə əsaslanan oturuşmuş sistemi və fərdi ustalıqların təsiri nəticəsində ələ düşən həlledici məqamlardan maksimum istifadə - tərəflər arasında məsələni həll edən detal məhz bu oldu. Oyunsonrası mətbuat konfransında Qomesin də vurğuladığı kimi – incəlikləri gördülər, bildilər və öyrəndilər. Hazırkı dönəmdə “Qarabağ”a qarşı açıq futbol sərgiləyib qələbə qazanmaq mümkünsüz kimidir, bunu nəzərə almaq gərəkdir.
Əslində, Premyer Liqaya vəsiqə qazanan ildən boynuna yük qoyulan bu klub, sanki bir az da bu yükün altında əzilirmiş kimi görünür. Həm ictimai fikri önəmsəmək, həm öhdəliklərə uyuşmaq – hamısı birlikdə yürümür. Klub özünün traektoriyasını cızmalı və məhz ona uyğun hərəkət etməlidir. Radikal gedişlər, ictimai fikrə yönələn addımlar yaxşı nəticələr verməyə bilər və praktika göstərib ki, əksər halda belə olur. Ümumiyyətlə isə Azərbaycan futbolunun ictimai fikri yoxdur. Acı da olsa, bu həqiqəti qəbul etməliyik. Hansı klub buna yönəlik davranışlar sərgiləyibsə, gec-tez bunun acı nəticələriylə üzləşib.
Əlbəttə, çempionluq iddiası qoyulanda kluba istiqamətlənən tənqidlər də bu iddia əsasında olacaq. Tələbləri imkanlara uyğun qoymaq lazımdır. “Sabah” bazalaşmaq və akademiyalaşmaq proqramlarını mükəmməl tətbiq etməkçün azı 3-5 il sərasər çalışmalıdır. Ya bu istiqamət, ya da nəticələrə hesablanmış əsas komanda formalaşdırmaq. Yoxsa bunların hamısını paralel apara bilən klub dünyada iki əlin barmaqları qədər olar, ya olmaz...
Yerli futbolçu yetişdirmək yolunda uğurlu addımlar var – akademiyalaşmaq çempionatdakı klubların arasında favoritlərdəndir. Ancaq əsas heyət vasitəsilə yerli futbolçuların qazanılması, milli komanda üçün töhfələr – bu təqdirdə nəticələrin axsamasına da hazır olmaq gərəkdir. Ən azı, bu klub hələ yenidir. Bəli, cəmi 3 ilin peşəkar klubu. Tələb və gözləntilərimizi şar kimi üfürüb nə boyda şişirtsək də... (futbolpress.az)
saytlarin hazirlanmasi