Böyük şəhərin tək komandası deyirlər. Sumqayıtda futbol sevilir, bu şəhər daha iddialı və möhkəm komandaya layiqdir. Ancaq AFFA öz kadrlarını kluba qoyub, şəxsi maraqlar üçün istifadə edir.
Çox uzağa getməyək, millinin heyətinə toplanış üçün “gənclik şəhəri” təmsilçisindən üç futbolçu – Mehdi Cənnətov, Elvin Bədəlov və Rəhim Sadıxov dəvət alıb. Bu oyunçular “kimyaçılar”ın yetirmələri deyil. Mehdi və Rəhim isə milliləşdirilmiş futbolçulardır. Görün AFFA-dakı məmurlar, iş görən insanlar nə qədər uğursuz kadrlardır... “Sumqayıt” millinin bazası deyil, bir qrup insanın böyük pullar qazandığı yerdir.
Kasad heyət və az maliyyə ilə baş məşqçi Ayxan Abbasov ilk ilində böyük işlər gördü, komandanı ölkə kubokunda finala çıxardı. Növbəti ildə isə avrokuboklara yüksəlməyi rəhbərlik yuxuda da görməzdi. Ancaq Abbasov məşqçi bacarığı ilə bu uğurlara nail oldu, şəhərə tarixində ilk dəfə avrokubok sevinci bəxş etdi.
Bəs rəhbərlik ona qarşılığında nə verdi? Heyətin böyük qismi dəyişdi, aparıcı futbolçular komandanı tərk etdi. Böyük şəkildə zəifləyən “Sumqayıt” Avropa Liqasında Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə bacarmadı. Əslində, püşk “şəhərlilər” üçün münasib idi. Ancaq komanda transferlər edə bilmədi və rəhbərliyin bacarıqsızlığına görə komanda mübarizəni dayandırdı. Bəs yerli oyunçular millinin bazası hesab edilən klubda niyə qalmadılar? Ötən mövsümkü komandanın özəyi qorunsaydı, Ayxan Abbasovun kollektivi “Şkendiya”nı asanlıqla keçərdi...
Hətta İrandan gətirilən oyunçular – Əli Qurbani və Mehdi Həmatiyə görə cənubi azərbaycanlı soydaşlarımız da etirazlar etdi. Onlar sosial şəbəkələrdə İrandan gətirilən üçüncü səviyyəli futbolçuların komandaya kömək edə bilməyəcəklərini yazıb rəhbərliyi, klub prezidenti Riad Rəfiyevi tənqid edirdilər.
Futbol ictimaiyyəti yaxşı bilir ki, “Sumqayıt” milliləşmə biznesinin getdiyi yuvadır. Orada “Sumqayıt” azarkeşlərini düşünən yoxdur, hər kəs öz cibini fikirləşir. Əli Babayev, Mehdi Cənnətov, Rəhim Sadıxov kimi futbolçulara pasport verib, yığmaya gətirənlər hələ azərbaycanlı oyunçuları küsdürməyə davam edəcəklər. Futbolçu yetişdirməyi bacarmayanların edə biləcəyi iş budur. Həm öz ciblərini doldururlar, həm də onları dəstəkləyənlər var.
Ayxan Abbasov “Zirə”dəki müsbət işlərini “Sumqayıt”da da davam etdirdi və baş məşqçi bacarığını ortaya qoydu. Ancaq bu heyətlə, şəxsi maraqlar üçün istifadə edilən klubda bundan artığını bacarmayacaq və bunu özü də yaxşı başa düşür.
Mehman
saytlarin hazirlanmasi