AFFA-nın qeydiyyat sisteminə inansaq, Azərbaycanda indiyə qədər futbol oynamağı bacaranların sayı 200 mindən çoxdur.
Sportal.az xəbər verir ki, belə böyük rəqəmə baxmayaraq, hələ də milli komandaya oyunçu seçimində qıtlıq yaranır.
Bunun əsas səbəblərindən biri də bölgələrdə futbolun, demək olar ki, yox dərəcəsində olmasıdır. Halbuki müstəqilliyin ilk illərində bir çox şəhər və rayonların komandası yüksək dəstədə mübarizə aparıb. Onlar arasında Mingəçevirin “Kür” klubu da olub. Bu şəhərin sonradan yaradılan “Energetik” komandası isə birinci divizionda mübarizə aparıb.
Əsasən də, “Kür”ün heyətində ölkə çempionatında çıxış etmiş çox sayda mingəçevirli futbolçu bir çox mütəxəssislər kimi, hazırda sevimli peşələrindən uzaqdır. Halbuki onlar arasında Azərbaycan çempionu olanlar, hətta əsas və aşağı yaş qrupu üzrə millilərdə oynayanlar da var. Düzdür, bu bölgədən olan Ramiz Məmmədov hazırda “Keşlə”də koordinatordur, Samir Məmmədovla Elşən Mustafayev elit-məşq qrupunda çalışır, Şəhruz Mustafayev isə “Uğur” futbol klubu açaraq, öz cibindən maliyyələşdirir.
Futbol idarəçiliyinin düzgün istiqamətdə aparılmaması çoxlarını bu peşədən uzaq salıb, dolanışıq üçün başqa sahədə çalışmağa vadar edib.
Apasport.az saytı olaraq məhz Mingəçevir futbol məktəbinin yetirməsi olan və sevimli peşəsindən uzaq düşən bir neçə mütəxəssislə bağlı araşdırma apardıq. Həmin adları təqdim edirik:
Faiq Məmmədov – usta işləyir.
Arif Məmmədov – Almaniyada yaşayır, alverlə məşğuldur.
Elbrus İsmayılov – orta məktəb müəllimidir.
Əkrəm Baxşəliyev – Mingəçevir “talkuçka”sında alverlə məşğuldur.
Tomis Əsədov – Moskvada tikintidə işləyir.
Yaqub İsmayılov – Rusiyada yaşayır, alverlə məşğuldur.
Elşad Kərimov – Mingəçevirdə bina komendantıdır.
Vüqar Həsənov – qəbir daşı düzəldir.
Elşən Cabbarov – Sankt-Peterburqda ayaqqabı satır.
Saqif Xalidov – Rusiyada alverlə məşğuldur.
Samir Mütəllimov – orta məktəb müəllimidir, həm də taksi sürür.
Mübariz Abbasov – Mingəçevirdə qəssabdır.
Elnar Kərimov – taksi sürürdü, bu aydan bazarda meyvə-tərəvəz satır.
Elnur Abbasov – Moskvada yaşayır.
Pərvin Mədətov – paltar satır.
Pərvin Paşayev – bərbər işləyir.
Aqşin Salahov – Türkiyədə yaşayır, alverlə məşğuldur.
Ramil Əliyev – marşrut sürücüsüdür.
Azər Həşimov – işsizdir.
Mehman Baxışov – işsizdir.
Zaur Qarayev - işsizdir.
Mehman Alışanov – işsizdir (apasport.az).