Sosial şəbəkələrdə yenə müzakirə üçün mövzu tapılıb. Bu dəfə qəzəbə tuş gələn Azərbaycan millisinin üzvü Aleksey İsayevdi.
Milliləşdirilmiş futbolçu dünən Portuqaliya ilə DÇ-2022-nin seçmə matçında (0:1) 84-cü dəqiqədə yığmada debüt edib. Bununla əlaqədar instaqramda futbolçuya ünvanlanan təbriklər arasında bir erməninin paylaşımı da olub.
Erik Avetyan adlı istifadəçinin “Qardaşım, debütün mübarək. Hər şey irəlidədi” mətnini öz hekayə bölməsində paylaşan İsayev cavabında “Təşəkkür edirəm, mənim qardaşım” yazıb və ürək, dostluq emojisi atıb.
Azərbaycanla Ermənistan arasında gərgin münasibətlərin davam etdiyi vaxtda millimizin futbolçusunun erməni dostuna nümayişkaranə şəkildə belə sözlər yazması narazılığa səbəb olub. Etirazları, məsələnin böyüdüyünü görən futbolçu bu paylaşımını silib.
***
Aleksey İsayev Azərbaycanda dünyaya gəlməyib, burda yetişməyib. Onun milliləşdirilməsi üçün ölkəmizlə hansı əlaqənin tapıldığı məlum deyil, ehtimal etmək olar ki, ümumiyyətlə, Azərbaycanla ciddi bir bağı heç yoxdu da. Milliləşdirilənlərin sayına və tərkibinə baxdıqda bu prosesdə belə məqamların çox zaman elə də əhəmiyyətli olmadığı görünür.
Rusiyada dünyaya gələn, orda futbolu öyrənən, Azərbaycanla böyük bağlılığı olmayan Alekseyin erməni dostunun olması normal qarşılanmalıdı və əslində, belə hay-küyə ehtiyac da yoxdu. Görünən qədər Erik Avetyan İsayevin çoxdankı tanışıdı. Qafqaz psixologiyası ilə yanaşsaq, əslində, ermənilər həmvətənlərini qınamalıdı ki, Azərbaycan millisində debüt edən futbolçunu təbrik edir, uğurlar arzulayır.
Məsələnin problemli tərəfi Aleksey İsayevin təbriki nümayişanə şəkildə paylaşması, erməni dostu barədə “qardaşım” yazmasıdı. Futbolçu burda politik cəhətdən düzgün davranmır, millidə oynadığını yaddan çıxarır, ictimaiyyətin reaksiyasını nəzərə almır.
***
İsayevi əvvəlcə Azərbaycana, sonra ölkənin millisinə gətirən (milliləşdirən – red.) “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevdi. 2018-ci ildə “gənclik şəhəri” təmsilçisinə keçən futbolçu az müddət sonra milliyə cəlb olunmuşdu. Ümumiyyətlə, son illərdə proses əsasən bu qayda ilə gedir. Ölkə xaricindən futbolçular əvvəlcə “Sumqayıt”a, sonra milliyə cəlb olunur.
Menecer futbolçunun bir növ idarəçisi, onun davranışlarına nəzarət edən şəxsdi. Alekseyə də məhz Riad Rəfiyev anlatmalı idi ki, belə məsələlərdə diqqətli olmaq lazımdı. Onsuz da milliləşdirilən futbolçularla bağlı kifayət qədər narazılıqlar var, heç olmasa belə məqamlarda həssas olmaq gərəkdi. Rusiyada yetişən, o mentalitetlə böyüyən, Azərbaycanla hansısa xırda bağılıqları olan birindən erməni ilə dostluq etməsi, yaxşı münasibət saxlaması normaldı, ancaq artıq millidə oynayırsa, bu məqamları nəzərə almağa məcburdu. Əksi baş verirsə, səhvi onda yox, onu bura gətirənlərdə axtarmaq lazımdı...
Futbolpress.az
saytlarin hazirlanmasi