İnziva - YAZI

01:01 - 17 Aprel 2021

Nurlan Novruzovun Nepal klubuna keçdiyi xəbərilə qarşılaşanda duruxdum.  Bilirsiniz, bu, adi məsələ deyil – futbolçu... azərbaycanlı futbolçu... ümumiyyətlə futbol... və Nepal (?(!))

 

Nepal deyəndə ağla dalay-lama, inzivaya çəkilmək, dünyanın ən qədim ritualları gəlir. Everestin ətəklərində bir ölkəyə getməyin özündə bir qeyri-adilik, ruhani dəlisovluq olmalıdır hardasa...

 

Nurlan vaxtilə par-par parıldayan “Bakı”nın futbol akademiyasında yetişib və milliyə qədər yüksəlmişdi. Ancaq indi o klubun əbədi inzivasının seyrangahına dayanmış xarabalıqları öz mistik reallığıyla Nurlanın Nepala futbol oynamaqçün getməyinə metafizik sentimentallıq saçır sanki...

 

Nepal çempionatına getmək. Nepala getmək. Hardan baxsan, sənətkar mənzərədir...

 

Nurlanın mövzuyla əlaqədar qol.az saytına müsahibəsiylə tanış olanda cavablarındakı aydınlıq, səmimiyyət özünə çəkdi. Məlum olur ki, Nepal çempionatının lideri olan “Mçixindra”ya gedişinə məhz menecerlə əlaqəsi səbəb olub:

 

“Bir menecer var. O, mən Estoniyada oynayanda oraya koreyalı futbolçu gətirmişdi. Orada tanış olmuşduq. 2 aydır mənə deyir ki, səni bura gətirim, 2 ay oyna, sonra səni başqa ölkəyə aparacam. Taylandın da adını çəkirdi. Mən də elə-belə deyirdim ki, yaxşı. Amma gördüm artıq 4 aydır oynamıram. Ona görə də anlaşdım. Əvvəlcə klub razılaşmadı. 2 aylıq oynamağa görə bilet almaq istəmirdilər. Çünki elə gedib-gəlmək bileti 1800 dollar edir. Amma sonda razılaşdılar. Mən mayın 25-i qayıdacağam”.

 

Müsahibə, “Gedib-gəlmək biletimi aldılar deyə Nepal klubu ilə anlaşdım”. Prosesin sərbəst ruhuna baxın. Yox, bilet pulu müqabilində oynamayacaq orda, məsələ başqadır. Nurlanın qarşıdakı transfer pəncərəsinədək futbolsuz qalmamaqçün hətta “dünyanın o başına” getmək iradəsinə hörmət düşür. Nepal çempionatının sonuna 1.5 ay qalır və bu müddətdə 3000 dollar, çempionluq olarsa, 2000 də bonus olacağını bildirib. Bunları deyə-deyə Azərbaycan futboluna münasibətini də səmimi, real büruzə verib:

 

“Qırğızıstandan da təklif var idi. Artıq razılaşmışdım, müqavilə də imzalayacaqdım. Amma sonra dedilər ki, çox zəif liqadır. "Turan Tovuz"a da keçə bilərdim. Mənimlə danışdılar. Nəsə söyləməyə üzüm gəlmədi. Əvvəl dedim ki, yaxşı gəlib, kömək edərəm. Düşündüm ki, uşaqlara dəstək olum. Sonra fikirləşdim ki, I Divizionda oynamaqdansa, futbolu atım”.

 

Mövzuyla əlaqədar daha maraqlı bir sitat: “Bu 8 komandalı çempionatda necə oynayasan? Yaxşı ki, Estoniyada oynayanda o koreyalı menecer bizim oyunları izlədi. İndi görün haradan haraya aparır. Yəni, ölkə xaricinə çıxırsan, görürlər, hamı baxır. Amma Azərbaycanda elə şey yoxdur”.

 

...Nurlan bəlkə də fərqində deyil, ancaq onun bu marşrutu Azərbaycan futboluna gözəl bir nəzirədir. Nəzirənin adı da zamanı naməlum inziva olsun...

 

Elçin Cəlilov (futbolpress.az)

Xəbər xətti