Başqa nə gözləyirdiz? - YAZI

23:52 - 26 Aprel 2021

"Neftçi" "Sabah"la oyunda çempionluq yolunda növbəti zərbəni almış oldu. Masazırdakı oyun gərginliyi ilə bərabər, həm də kobud hakim səhvləri ilə yadda qaldı.

 

Amma oyundan sonra Samir Abasovun mətbuat konfransındakı fikirləri oyunu da, hakimləri də kölgədə qoymuş oldu.

 

Hakimlərdən daha çox narazılığı "Sabah"ın baş məşqçisi Ramin Quliyevdən eşidəcəyimizi düşünsək də, tam tərsi oldu. Məşqçiliyə Abasovdan da sonra başlayan Quliyev 90 dəqiqə olduğu kimi mətbuat konfransında da çox təmkinli idi.

 

Ondan fərqli olaraq həmkarı Samir Abasov isə mikrafon arxasına keçər-keçməz ağlına gələnləri danışıb, xal itkisinə don geyindirməyə çalışdı. Gənc mütəxəssis xal itkisində birbaşa "Sabah"lı futbolçuları və hakimi qınadı. Hondanın sayılmayan qolundan isə elə bəh-bəhlə danışdı ki ...

 

Deyən olmadı ki, ay Samir müəllim, Hondanın qoluna kimi meydanda çox hadisələr olub axı ..

 

Birincisi axtarmaq lazımdır ki, "Neftçi"nin ilk 30 dəqiqədən sonra hesabda 2-0 geriyə düşmə səbəbi nə idi? Olmuya "Sabah"lı futbolçular həmin 2 qolu da meydanda uzana-uzana vurmuşdular? Bu dəqiqəyə kimi meydanda varlığı ilə yoxluğu bilinməyən "Neftçi"nin məsuliyyəti kimdəydi? Bir baş məşqçi kimi özünüzdə heçmi günah görmürsünüz?

 

Hondanın sayılmayan qolunu hər vəclə gözə soxmağa çalışır, amma sayılmayan qola kimi meydanda baş verənlərin üzərindən heç nə olmayıbmış kimi keçirsiniz.

 

"Sabah" 2-0 öndə olduğu və meydanda rahat oynadığı məqamda baş hakim yalnış penal qərarı verdi. Məhz bu penal sayəsində "Neftçi" fərqi minimuma endirməyi bacardı. Kim zəmanət verə bilər ki, verilən yalnış penal qərarı olmasaydı "Sabah" növbəti qolu vurmayacaqdı?

 

Bu azmış kimi 60-cı dəqiqədə hakim "Sabah"a növbəti zərbəni vurmuş oldu. Adi mübarizə epizodunda "Neftçi"yə növbəti penal "hədiyyə" olundu.

 

Flaqman yalnız iki yalnış penalla oyunda bərabərliyi bərpa etməyi bacardı. Bundan əlavə "Sabah"ın əsas müdafiəçisi və kapitanı Bəhlul Mustafazadə haqsız yerə qırmızı vərəqə ilə meydandan qovuldu. Bu sadaladıqlarımız olmasaydı, meydanda hansı senariyə şahidlik edəcəyimizi kim deyə bilərdi? Ümumiyyətlə, Hondanın qolu olardımı?

 

Bu qədər olanların üzərindən keçib 64-cü dəqiqədə sayılmayan təmiz qoldan, meydanda vaxt aparan "Sabah"lı futbolçulardan danışmağın bir adı var - məsuliyyətdən boyun qaçırmaq!

 

Rəqib futbolçuların meydanda vaxt aparmasını qlobal probem kimi təqdim eləməyiniz də bir başqa komediyadır. Əvvəla sizin rəqib futbolçuların çıxışını şərh eləməyiniz etik deyil. Təhqir eləməyiniz isə kökündən yalnışdı.

 

Samir müəlllim, vaxt uzatmağa gələndə isə bunu bəyəm siz indimi görürsünüz? Futbolçu olanda özünüz, baş məşqçi olanda futbolçularınız bu addımı heçmi atmayıb?

 

Elə götürək "Qarabağ"la 8 nəfər qaldığınız sonuncu oyunu. Yerə uzanıb vaxt aparan sizin futbolçularınız deyildimi? Burda səhv olan nədir? Bu da futbolun tərkib hissəsidir.

 

Kimsə buna görə rəqibi qınamaq ixtiyarına sahib deyil. Olmuya 2 penal, 3 qırmızı vərəqədən sonra bir də "Sabah"lı futbolçulardan avtoqol vurmalarını gözləyirdiniz?

 

Ümumiyyətlə, belə bəhanələrə əl atmağınızın hikməti nədədir? Deyəsən, mövsümün sonu üçün özünüzə hazırlıq görürsünüz. Ki, rəhbərliyə deməyə sözünüz olsun.

 

Xanoğlan İmanov / sportinfo.az

Xəbər xətti