AFFA Lisenziyalaşdırma Komissiyası ölkə futbolu üçün “domokl qılıncı”/bəd xəbər görkəmini alıb. Dünən keçirilən iclasda klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında yenə 8 komanda qalıb. Əsl – “Azərbaycan futbolu yerində “8 yazır”” deyiləsi məqamdır.
Yeni araşdırmaya ehtiyac yoxdur, artıq neçə ildir ki, analoji hal davam etdiyi üçün hər il biraz-biraz – xeyli araşdırma bazası toplamışıq. Artıq tam əminliklə deyə bilərik, üzvü olduğumuz Avropa futbolunda heç bir ölkədə belə hal yaşanmayıb.
Bəs Azərbaycanda niyə I Diviziondan Premyer Liqaya və ya əksinə komanda keçmir?
Bunun ən əsas səbəbi ölkə futbolunun özü özünü dolandıra bilməməsidir. Demək olar, PL iştirakçılarının bütünü AFFA, dolayısıyla SOCAR tərəfindən dotasiya (Əlavə maliyyə dəstəyi) ilə fəaliyyət göstərir. Belədə ölkə çempionatında komanda sayının artırırlmamasına, yaxud bölgə klublarının əsas liqaya buraxılmamasına izah tapmaq çətin deyil.
Bölgə klubunun paytaxt təmsilçisinə nisbətən xərcləri daha çox olur. Elə bir növ, buna görədir ki, Azərbaycan Premyer Liqası “Bakı çempionatı”na çevrilir. Səbəbi bildiniz. Lakin...
İstənilən halda, ölkə futbolunun inkişafı prioritetdirsə, belədə xərc artsa belə, I Divizionun, heç olmasa, çempionu PL-ə vəsiqə almalıdır. İllərdir ki, diviziondakı iddialıların heç birinin lisenziya şərtlərinə cavab verməməsi də işin ciddiyyətini şübhəyə salır. Onda bu çempionat niyə keçirilir? Burda iştirak edən komandaların stimulu nədir?
Bu il “Kəpəz”, “Turan Tovuz”, “Zaqatala”dan bir, yaxud ikisinin PL-ə “gətiriləcəyi” düşünülürdü. Ancaq yenə alınmadı və adıçəkilən klubların lisenziyalaşdırma komissiyasnın qərarına münasibətinə baxsaq, qəribə və çarəsiz bir mənzərənin şahidi olarıq. Bu klublar növbəti mövsüm də I Divizionda çıxış edəcəyini biləndən sonra stimulu nədə tapacaqlar? Neçə illərdir ki, tendensiya davam edir...
Bunlar bizə hər yönüylə tanış bəlalardır. Bəs Azərbaycan futbolu haçan özü özünü maliyyələşdirəcək? Niyə illərdir buna dair real addımlar atılmayıb və nəyə görə bu istiqamətdə nümunə ola biləcək bir klub formalaşmayıb? Yalnız “Qarabağ”ı nümunə göstərmək olar, ancaq bir güllə bahar olmaz... Heç o “gül” də avrokuboklarda uğur qazanmasa, özünü maliyyələşdirə bilməz, yenə gözlər himayəçi “Azərsun”a dikiləcək.
Hara gedirsən belə, Azərbaycan futbolu?
Elçin Cəlilov / futbolpress.az
saytlarin hazirlanmasi