Gürcü futbolçuların Avropa klublarına yeni axını

14:55 - 10 İyul 2021

Azərbaycanlı futbolçuların klublarımızda ikinci “kruqu” vurduğu vaxtlarda yaxınlıqda olan qonşumuz – Gürcüstan təyyarələri Avropaya enib-düşməkdən yorulub. Gürcü futbolçuların 2021-ci il üçün Avropaya axını başlayıb. Əslində bizimkilərdən fərqli gürcü futbolçular həmişə xaricdə “at” oynadıb. Onsuz da Qafqazdan Avropaya ən çox futbolçu yollayan da onlardı. Bizdən Avropaya futbolçu beş ildən bir gedə ya getməyə, gürcülərdə isə bu mütəmadi hal alıb.


Bu yay sanki acığımıza Gürcüstanda futbolçu qalmayıb, hamısı qitənin sanballı çempionatlarının yolunu tutub. Təbii ki, gürcülərin bu uğuru əldə etməsində səbəb çoxdu. Əsas səbəblər arasında– gürcülərin özlərini “futbolçu fabrikası” kimi tanıtması və Avropada yaxşı işləyən nümayəndələrinin olmasıdı. Nümayəndə deyəndə, yəni xarici klublarla yaxşı münasibətləri olan menecerlər, futbol adamlarını nəzərdə tuturam.

 

Bu da zamanla olub. Vitali Daraseliya, David Kipiani, Şota Arveladze, Levan Kobiaşvili, Kaxa Kaladzenin çıxdığı ölkənin futbol məktəbi ilə işləməkdən hansı klub imtina edər? Bu futbolçular müasir Gürcüstan futbolunun yetirməsi deyillər. Amma bu yazıda oxuculara bu yay Avropaya axın etməyə başlayan gürcülərin siyahısını təqdim edəcəm. Yeri gəlmişkən, Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili də tək stadion açılışlarında olmur, o, özü həm də gənclərin Avropaya yollanmasında, klub tapmalarında köməkçi rol oynayır. Ki gələcəkdə həmin futbolçularla daha güclü Gürcüstan millisi qura bilsinlər. Biz Lüksemburqla oyuna autsayder kimi çıxırıqsa, Gürcüstan İspaniya ilə matçda ən azından bir hissə başabaş futbol oynayır. Bütün bunlar da Gürcüsan futbolunun yetişdirdiyi gənclərin hesabınadı.


 

Gürcülərin bu mövsüm ilk “partlayışı” Giorgi Mamardaşvili oldu. “Dinamo”(Tbilisi) yetirməsi olan qolkiper ötən mövsümü “Lokomotiv”(Tbilisi)də icarə əsasında keçirdikdən sonra “Valensiya”ya transfer olundu. İspanlar gənc qapıçını bir illik icarəyə götürsə də, onu transfer etmək hüququna malikdi. 199 sm boya malik olan kiperin Avropa təcrübəsi demək olar ki, yoxdu. O, yalnız ötən mövsüm icarədə olduğu “Lokomotiv”lə Avropa Liqasının təsnifat mərhələsinin “Universitet Krayova”, “Dinamo”(Moskva) və “Qranada” ilə görüşlərində Avropa havasını udub. 


 

Təbii ki, gürcülər üçün yayın transferi Luka Qaqnidze hesab edilir. O da “Dinamo” yetirməsidi. Yarımmüdafiənin mərkəzində yer alan futbolçuya bir çox klublar “elçi” düşsə də, o  1,5 milyon avro qarşılığında “Dinamo”ya qismət oldu. 

 

“Saburtalo” da “Dinamo”dan Avropaya futbolçu göndərmə məsələsində geri qalmayıb. Belə ki, komandanın iki üzvü eyni anda – biri İspaniyaya, digəri Fransaya yollanıb. Sol cinah müdafiəçisi olan Jinjolava “Kadiz” üçün oynayacaqsa, 1,67 sm boya malik Koxreidze isə Fransada “Qrenbol” üçün tər tökəcək.


 

Gürcüstandan Avropaya yollanan hələ ki, sonuncu futbolçu isə “Portu”ya keçən Giorgi Abuaşvilidi.  Vinger mövqeyində çıxış edən futbolçu Portuqaliya klubu üçün 240 min avroya başa gəlib. Özü də illərdir görülən təcrübədən irəli çıxaraq demək olar ki, gürcülərin Avropaya göndərdiyi futbolçular ehtiyatda oturmağa getmir, qısa zamanda özlərini getdikləri liqalarda ən yaxşı tərəfdən göstərirlər. Daha 6-7 ay sonra, “küsüb”, “darıxıram” deyib Gürcüstana qayıtmırlar. Oyunları alınmasa belə, Avropada qalıb özlərinə yer edirlər. 
Maraqlı məqamlardan biri də odur ki, bu yay Avropaya gedən futbolçular ya “Dinamo”, ya da “Saburtalo”nun akademiyasının yetirməsidi. 

 

Yeri gəlmişkən, “Neftçi”nin Çempionlar Liqasındakı rəqibi olan “Dinamo” ilk oyunda məğlub olsa da, onlar Avropa klublarına göndərdikləri oyunçular sayəsində artıq kassasına 1.940 000 avronu əlavə edib. 

 

Luka Qaqnidze (18 yaş) – “Dinamo”(Tbilisi) – “Dinamo”(Moskva) 
 

Giorgi Mamardaşvili (20 yaş) – “Dinamo”(Tbilisi) – “Valensiya” (icarəyə) 
 

Giorgi Jinjolava (21 yaş) – “Saburtalo” – “Kadiz”  (icarəyə)
 

Giorgi Koxreidze (22 yaş) – “Saburtalo” – “Qrenobl”
 

Giorgi Abuaşvili (18 yaş) – “Dinamo” (Tbilisi) – “Portu”

Xəbər xətti