Kamran Quliyev haqda "müqəvva", "kukla", "marionetka" və s. sözlər eşitmək ağırdı YAZI

13:55 - 28 Avqust 2021

"Neftçi" çempion olanda nəhayət, avrokuboklarda "Qəbələ"dən sonra daha bir klubumuzun "Qarabağ"la yanaşı uğurlu çıxışına ümid yaranmışdı.

 

Təəssüf ki, çox keçmədən bu ümidlər daşa dəydi. Həm də çox biabırçı formada. Əvvəlcə Çempionlar Liqasında, sonra Avropa Liqasında, nəhayət, Konfrans Liqasında ortabab klublara uduzub mübarizəni dayandırdıq. İndi çoxlarının beynində bir fikir dolaşır ki, "Qarabağ" çempion olsaydı yalnız adı qalan "Olimpiakos"u uda bilərdimi? HJK-in heç adını çəkmirəm, ağdamlıların finləri rahatlıqla keçəcəyinə şübhə etmirəm!

Amma zamanı geri qaytarmaq olmur. İrəli baxmaq, "Neftçi"ni yenidən toparlamaq lazımdı. Bunun üçün isə hər kəs əlindən gələni etməlidi. İlk növbədə də klub rəhbərliyi.

 

"Neftçi" prezidenti Kamran Quliyevi şəxsən tanıyıram, bir insan kimi münasibətim normaldı və düşünürəm ki, bu qarşılıqlıdı. Amma ölkənin ən qocaman klubunun başında dayanacaq biri kimi Kamran müəllimlə bağlı şübhələrim olub, var. Düzdü zaman-zaman xırda-para uğurlar gözümü örtüb, amma emosiyanı və "ağ-qara" sevgini kənara qoyanda görürsən ki, Kamran Quliyev ən yaxşı halda icraçı ola bilər.

 

Mediada "Neftçi" kimi klubun prezidenti haqda "kukla", "müqəvva", "marionetka" və s. aşağılayıcı sözləri görmək, eşitmək ağırdı. Bunu yazanlar da gərək ilk növbədə heç olmasa "Neftçi"nin adına hörmət edib fikirlərini daha mədəni formada ifadə eləsin.

 

Mənə görə, Kamran Quliyevin "Neftçi"dəki ən böyük səhvi klubun çempion heyətini toplamış Ceyhun Sultanovu urvatsız şəkildə istefaya göndərmək idi. Çempionluqdan sonra bunun fəsadlarını daha qabarıq şəkildə gördük.
 

İndi azarkeşlər, jurnalistlər, futbol mütəxəssisləri "Neftçi"nin avrokubok biabırçılığına obyektiv qiymət verməli, bu uğursuzluqdan sonra komandanın toparlanması üçün çıxış yolunu göstərməlidilər. Çünki bu heyətlə "Neftçi" nəinki "Qarabağ", heç digər klublarla da müqayisədə yumşaq desək, favorit deyil.
 

Amma biz nə görürük? Nadir istisnaları kənara qoysaq nə azarkeşlər, nə bəzi jurnalistlər, nə mütəxəssislər, hətta futbol menecerləri "Neftçi" ilə bağlı doğru-dürüst yanaşma sərgiləmir. Komanda çempionluq uğrunda mübarizə aparanda hay-küylə Ceyhun Sultanova qarşı qaralama kampaniyası aparan "Neftçi"nin sosial şəbəkələrdəki fanat səhifələrini belə tanımaq olmur. Sanki, hər kəsə "Uğursuzluqlarda Kamran Quliyevin adını çəkmək olmaz!" tapşırığı verilib. İndi gedən təbliğata baxanda günah keçisi kimi Samir Abasovun seçildiyi aşkar sezilir. Amma "Neftçi"nin avrokubok fiaskosunda və daxili yarışlarda gözlənilən uğursuzluqlarında günahı varsa belə, əsas günahkar Samir deyil axı!

 

Hər kəsdən üzr istəyərək, əsas günahkarın adını çəkmək "qadağasını" pozub, Kamran Quliyevin "Neftçi"dən getmək zamanının yetişdiyini düşünürəm.
 

Kamran müəllimin "Makkabi" ilə oyunlardan əvvəl müsahibəsinə baxdım. İsraillilərə uduzacağımıza hazır idi. Yeni mövsümdə prezidenti olduğu klubun çempionluqdan əlini üzdüyünü və ölkə kuboku uğrunda mübarizə aparacağının mesajlarını verirdi.

 

"Neftçi" kimi kluba bu məqsədlə mövsümə başlamaq yaraşmır. Realda isə hətta kubok əlçatmaz görünür.

 

Kamran müəllim üçün "Neftçi" missiyasının bitdiyi qənaətindəyəm. Klubdakı fəaliyyətinə görə təşəkkür edib, gecikmədən gənc, daha enerjili və futbolun içindən olan bir yeni rəhbərlə islahatlara başlamaq zamanıdı. Yoxsa, futbolumuzun flaqmanına yazıq olacaq. "Neftçi" azarkeşləri isə hələ uzun müddət sevimli klubumuzun bir ayda 3 turnirdən uduzub çıxdığı avrokuboklarda qrup mərhələsində həvəskar Cəbəllütariq, Estoniya, Moldova klublarına həsədlə baxacaq...

 

Amma gördüyüm qədərilə Kamran Quliyev özü istefa vermək fikrində deyil. Bəlkə də onun yerində başqası da olsa istefa verməz. "Neftçi"də kreslosunu asanlıqla buraxıb gedən adama anormal kimi baxırlar.

Anar ŞABANOĞLU

Xəbər xətti