Azərbaycan milli komandası sadəcə futbol oynayan 11 nəfər deyil, həm də ölkənin simasıdı, himnini səsləndirən, şərəfini qorumalı olan bir dəyərdi. AFFA rəhbərliyi bunu anlamadığından və ya bilərəkdən sözün əsl mənasında millinin başına oyun açır.
Gənc futbolçularımızdan qat-qat zəif yaşlı legionerlərə Azərbaycan pasportu verib bu şərəfli formanı geyindirirlər.
Nəticədə 20 yaşlı Rüstəm Əhmədzadə qitənin tanınan klublarından "Şaxtyor"a qol vurub komandasının donetsklilərlə 1:1 hesablı heç-heçə etməsində əsas pay sahibi olur, yüksək əhvalda və formada milliyə gəlir, amma onun adı heç oyunun iştirak ərizəsinə də salınmır...
24 yaşlı Mahir Emreli "Legiya" kimi klubun liderinə çevrilib, karyerası ərzində ən yaxşı formadadı və gözəl əhval-ruhiyyədədi. Amma illər sonra "Legiya"nı təkbaşına çiynində Avropa Liqasının qrupuna daşıyan Mahir ehtiyatda qalır...
Heyətin yarısından çoxu "Qarabağ"ın futbolçusudur. 24 yaşlı Ramil Şeydayev də bu ansamblda olanlardandı. Məntiqlə Ramil də əsasda çıxmalıdı...
Ukrayna premyer-liqasında ötən mövsüm 10 qol vuran Anatoli Nuriyev və çempionatımızın son bombardiri Namik Ələskərov da millidə ehtiyat skamyanın daimi sakininə çevriliblər.
"Riad Rəfiyev millinin oyunlarından vitrin kimi istifadə edir ki, "Sumqayıt"ın oyunçularını xaricə satıb pul qazansın" deyirlər.
Əli Qurbaninin 31 yaşı var. Onu kim alacaq, neçəyə alacaq, kimə lazımdı?
"Sumqayıt" qazanmaq istəyirsə, millidə şans veriləcəyi təqdirdə xaricdən təklif alacağına şübhə etmədiyim ən istedadlı futbolçu 25 yaşlı Rəhim Sadıxovdu.
Bu başqa məsələ ki, 31 yaşlı Əli Qurbani millidə nə gəzir?
Rüstəmin, Mahirin, Ramilin, hətta milliyə dəvət almayan Vüsal İsgəndərlinin Qurbanidən 100 dəfə artıq potensialı və perspektivi var.
Bəs məqsəd nədi?
Lüksemburqla matçın heyət açıqlananda sırf məğlubiyyətə hesablanmış görünürdü. Ayağı top tutmayanda millidə daim əsas heyət üzvü olan, indi isə Polşada kifayət qədər sabit çıxış edən Anton Krivotsyuk da ehtiyatda idi.
Əvəzində yerlisi Qurbani kimi millidə nə itirdiyi bilinməyən daha bir perspektivsiz iranlı legioner Höccət Haqverdi müdafiəmizin dayağı olmamalı idi...
Ozobiç yaxşı futbolçu idi. Amma onun da qatarı gedib, bu gün sabah 31 yaşını qeyd edəcək.
Milli sınaq poliqonudu, jurnalistlərə və azarkeşlərə "Sizin fikriniz vecimizə də deyil" mesajı verib eqo təmin etmək üçün oyuncaqdı, nədi? Dəqiq bilinən bu ki, milli kimlərinsə qazanc mənbəyidi. Və bəlkə də həmin adamlar oyundan qabaq millimizin uduzmağına pul atıb bilərəkdən Lüksemburqda əvvəlcədən ağ bayraq qaldırmışdı.
Başqa variant ağlıma gəlmir.
Çünki De Byazi kimi təcrübəli məşqçi bu cür start heyəti buraxmaq üçün gərək futbolçularımızı tanımasın. Ola bilsin, italyan pulunu alıb istirahətini edir və həqiqətən də futbolçularımızı yaxşı tanımır.
Biz illərdir, uşaq futbolundan başlayıb əsas millidə bitən problemlərdən yazmaqdan bezmişik. AFFA-ya rəhbərlik edənlər bütün bunları gözəl bilir. Amma aydın məsələdir ki, onlara futbolun inkişafı lazım deyil və bu biabırçılıqlar deyəsən elə hamıya sərf edir. Hər şeyi öz adı ilə çağırmaq lazımdı. Azərbaycan futboluna edilənlər və o cümlədən Lüksemburqdakı oyun xəyanət idi!
...Bizə yalnız ümid etmək qalır. Ümid edək ki, "cırtdanlar"a məğlubiyyət son damladı və Azərbaycan futbolunda ciddi dəyişiklərin şahidi olacağıq.
Anar ŞABANOĞLU
saytlarin hazirlanmasi