"Qarabağ"da yeni era...

13:29 - 17 Sentyabr 2021

"Aberdin"lə Bakıdakı oyunun ertəsi günü Qurban Qurbanova zəng edirəm. 

 

Diqqətimi o məqam çəkir ki, Respublika Stadionunun ot örtüyü hər nə qədər bərbad olsa da, bu, topla yerlə oynamağı xoşlayan "Qarabağ"ın öz ustalığını göstərməsinə tam mane ola bilmir. Daha əvvəl AEL-lə görüşlər, sonra şotlandlarla Bakıda qələbə ilə bitən ilk matç komandanın yeni və fərqli bir inkişaf yoluna qədəm qoyduğunu göstərir.

 

Fərqli olan nədir?

 

Fərqli olan odur ki, bu günün "Qarabağ"ı ötən ilin "Qarabağ"ı deyil. Bu günün "Qarabağ"ı ondan əvvəl Avroliqada qrupda oynayan "Qarabağ" da deyil. Nəhayət, bu günün "Qarabağ"ı heç Çempionlar Liqasının qrupuna düşməklə tarixində ən yüksək uğuru qazanan 2017-ci ilin "Qarabağ"ı da deyil.

 

Komandanın sanki qanı, ruhu dəyişib və Qurban Qurbanov gələcəyin yeni "Qarabağ"ını qurur. Hansı ki, əgər indi yaxşı durumda olan futbolçular zədələnməsə, istedadlı və perspektivli gənclərimiz erkən gələn şöhrətdən başgicəllənməyə tutulmasa, bu "Qarabağ" Avropada artıq ən azı qrup mərhələlərini adlamaqla daha yaxşı uğurlar qazanacaq. Və belə bir nikbinliyin qaynağı heç də dünən İsveçrə futbolunun nəhənglərindən olan "Bazel"lə Bakıdakı 5 ulduzlu oyun deyil. 

 

Qurban Qurbanov bir neçə ildir daha güclü "Qarabağ"ın qurulması istiqamətində pərakəndə yox, sistemli, qaçaraq yox, təmkinli, hay-küyçü yox, soyuqqanlı bir iş aparır. Bu təmkinli siyasətin nəticəsi ona gətirib çıxarıb ki, heyətdə 19-22 yaşlı azərbaycanlı balaları - Toral Bayramov, Elvin Cəfərquliyev (indi zədəlidir), Musa Qurbanlı, İsmayıl İbrahimli kimi gənclər oynayır. Ehtiyat heyətdə yer alan digər gəncləri demirəm hələ. Bu oyunçular həm "Qarabağ"ın, həm də millinin gələcəyidirlər. Və onları yetişdirmək üçün Qurban Qurbanov öz köməkçiləri ilə birgə məşq meydanında günlərini deyil, aylarını da deyil, illərini sərf edib. Təkrar yazıram, illərini. Və bu faktı da ona görə xüsusi qeyd edirəm ki, bu gün və ardıcıl 8 ildir "Qarabağ"ın qrupa düşməsinə səbəb olan uğurlar göydən zəmbillə düşməyib. Ona görə də sabah bir məğlubiyyət olan kimi ildə bir dəfə avrokubok matçına baxan dırnaqarası “futbol professorları” bilib-bilmədən belə geniş miqyasda əziyyəti olan insanların haqlarına girməsinlər. Əvvəl gəlib Azərbaycan çempionatına baxsınlar. Görsünlər ki, necə olur ki, 8 komandalı rəqabətsiz çempionatın təmsilçisi dayanmadan qruplarda oynayır. Özü də ancaq və ancaq “Qarabağ” oynayır, başqaları yox. Bunun da onlarla səbəbi var. Birini qeyd edim.

 

"Qarabağ" yerli futbolçuların yetişdirilməsindən tutmuş legioner oyunçuların seçiminə qədər hər şeyi incəliyinə qədər öyrənmək, təhlil etməklə yekun qərar verərək komanda qurur. Yoxsa, hər şey kor-koranə olsaydı, bu komandanın üzqarası olan məlum klublarımızdan fərqli olmazdı...

 

Baxın, Kevin Medinaya. Rəşad Sadıqovu bir müdafiəçi kimi necə layiqincə əvəz edir. Yaxud yeni gələnlərdən Kadi. Qısa zamanda Ozobiç kimi ustanı ehtiyata göndərərək liderlərdən birinə çevrilib. Amma əlbəttə, hələ də çatışmazlıq var. O da hücumla bağlıdır. "Bazel"lə dünənki matçda "Qarabağ" müdafiə və yarımmüdafiədə əla oyun göstərsə də, məlum, yenə də qol çatmadı. Amma yeni hücumçu İbrahim Vadji yaxşı qol duyumu, uğurlu mövqe seçimi və "ikinci mərtəbə"də oynamaq bacarığı olan oyunçudur...

 

Qalır qolları sıralamaq və… Dino Ndlovunun, Reynaldonun uğurlarını kölgədə qoymaq.

 

***

 

Bu ümumi fikirlərimi telefonda Qurban Qurbanova da çatdırıb onu təbrik edirəm. 2-3 il sonra bu komandanın 2017-ci ildəki “Qarabağ”ı da geridə qoya biləcəyini söyləyirəm. Özünəxas təvazökarlıqla cavab verir. Yeni bir komanda qurmaq istiqamətində çalışdığını söyləyir. 

 

Yeni komanda...

 

Yeni “Qarabağ”...

 

Amma bəli, buna da zaman lazımdır. Hə, bir də səbr. Qurban Qurbanovun səbrindən...

 

Aydın BAĞIROV

Xəbər xətti