Milli komandamızın baş məşqçisi Canni de Byazi yeni siyahısını açıqladı. O, martın 25-də Maltada Malta, 29-da isə Latviya yığma komandası ilə qarşılaşmalar üçün düşərgəyə 24 futbolçu çağırdı.
Öncə siyahıya diqqət edək:
Mehdi Cənnətov – Zirə
Nicat Mehbalıyev – Qəbələ
Səlahət Ağayev – Sabah
Maksim Medvedev – Qarabağ
Bəhlul Mustafazadə – Qarabağ
Azər Salahlı – Neftçi
Bədavi Hüseynov – Qarabağ
Höccət Haqverdi – Sumqayıt
Təmkin Xəlilzadə – Zirə
Toral Bayramov – Qarabağ
Abbas Hüseynov – Qarabağ
Amin Seydiyev – Sabah
Riçard Almeyda – Qarabağ
Qara Qarayev – Qarabağ
Coşqun Diniyev – Zirə
Filip Ozobiç – Qarabağ
Eddi İsrafilov – Neftçi
Aleksey İsayev – Sabah
Emin Mahmudov – Neftçi
Dmitri Nazarov – Ersgebirge (Aue, Almaniya)
Namik Ələsgərov – Bursaspor (Türkiyə)
Renat Dadaşov – Tondela (Portuqaliya)
Ramil Şeydayev – Qarabağ
Ağabala Ramazanov – Zirə
Seçim italiyalınındı, qərarına hörmət etmək lazımdı. Zatən, bəlli sayda futbolçumuz var və kiminsə çağırılmaması, növbəti matçlarda dəvət alması başadüşüləndi. Lakin budəfəki siyahıda elə adlar var ki, məşqçinin sadəcə, say düzəltdiyini, ciddi seçim etmədiyini görmək olur.
Məsələn,
…ən yaxşı vaxtlarında milliyə dəvət edilməyən Ağabala Ramazanov indi “Zirə”də ehtiyatda oturmağa başlayıb və milliyə dəvət alıb…
…Bədavi Hüseynov millidə aldığı zədəni yenicə sağaldıb, “Qarabağ”da oyun praktikası qazanmadan adı siyahıya salınıb…
…Riçard Almeyda daha yaxşı formada olduğu dönəmdə kənarda saxlanılırdısa, ayağını sürüdüyü bu günlərdə heyətə daxil edilib…
…Vaxtilə Dmitri Nazarovu pul davasına görə kənarda saxlayan AFFA, indi azarkeşlərin nifrətini qazanmış futbolçunu yenə milliyə layiq bilib.
De Byazinin klub seçimləri də maraqlıdı. Ötən il yığmada 7-8 futbolçu ilə təmsil olunan “Sumqayıt” indi cəmi 1 nəfərə görə öyünür. Milliləşdirilməsinin faydasız olduğunu aylardı dediyimiz Əli Qurbani və digərləri layiq olduğu qiyməti alıb, “kimyaçılar”ın autsayderə çevrilməsi italiyalının dilini gödək edib.
Amma seçimlər heç də komandaların turnir mövqeyinə görə deyil. De Byazi məcburiyyətdən “Qarabağ”ın az qala bütün heyətini milliyə çağırıb, onlardan faydalanmağa çalışacaq. “Zirə”dən Ramazanovdansa Rahil Məmmədova, daim oynayan Qismət Alıyevə, Hacıağa Hacılıya güvənmək daha doğru olardı.
“Qəbələ”dən yalnız qapıçı Nicat Mehbalıyev düşərgədə olacaq. Halbuki bu il yaxşı təsir bağışlayan komandadan Murad Musayev, Ürfan Abbasov, Rövlan Muradov dəvətə layiq idi. Ürfan son yarım ildə cəmi 10 dəqiqə oynamış Bədavidən, daimi start heyəti üzvü Rövlan Ağabaladan, “Qəbələ”də karyerasının ən yaxşı mövsümünü keçirən Murad Abbasdan daha yaxşı namizəd idi. “Keşlə”dən Şəhriyar Əliyev, Rəhman Hacıyev siyahıdakıların bir çoxundan daha yaxşı durumdadı, Pərviz Azadov isə son vaxtlar debütlə sevindirilməyə layiq futbol sərgiləyir.
Millidə təmsilçi sayı:
Qarabağ – 9
Zirə – 4
Neftçi – 3
Sabah – 3
Qəbələ – 1
Sumqayıt – 1
Keşlə – 0
Səbail – 0
Legioner – 3
Qarşıdakı matçlar sınaq görüşləridi, burada futbolçular yoxlanacaq. Ona görə də U-21-ə gedən bir çox oyunçular – İsmayıl İbrahimli, Cəlal Hüseynov və başqaları da əsas komandaya cəlb olunmalıydı. Veteran yığınına nə gərək var? Onsuz da bu futbolçuların nəyə qadir olduğunu bilirik.
De Byazi millidə saxlanılarkən əsas səbəb kimi onun komandanı gəncləşdirməsi və gələcəyin heyətini qurması göstərilmişdi. Zaman göstərir ki, bu, bəhanə imiş. Dünən açıqlanan siyahıdakı 24 futbolçunun tən yarısı 29+ yaşdadı, 7 nəfər 30-u çoxdan haqlayıb. Orta yaş həddi 28 olan milli necə sabahın komandası sayıla bilər?
Müəyyən istisnalarla olanımızın bu futbolçular olması fikriylə razıyıq. Bəli, gənc nəsil yoxdu, ya da ustalıq səviyyələri yığmada oynamaq üçün yetərli deyil. De Byazi də siyahısıyla sübut edir ki, ötən 14-15 ildə AFFA rəhbərliyi papağını günə verib, yeni nəsil yetişdirilməyib, futbol təsərrüfatı düzgün idarə olunmayıb. Tsiklin sonunda 1-2 oyunda gəncləri meydana buraxıb yaş həddini azaltmağa çalışmaqla görüntü yaratmaq lazım deyil, bununla yalnız özümüzü aldadırıq. Fakt budur ki, yeni seçmə mərhələ üçün hazırlanan komandanın orta yaş həddi 28-di. Deməli, sabaha da ümid yoxdur.
Futbolinfo.az
P.S.: Heyətdəki 24 oyunçunun 11-i Azərbaycan futbolunun yetirməsi deyil, 9-u isə milliləşəndi.
saytlarin hazirlanmasi