“Əgər 3 ötürmə verə bilmiriksə, burada hücum futbolundan söhbət gedə bilməz” deyən Canni De Byazi nağıl danışır. 3 deyil, 13 ötürmə də versə, bu komanda uğur qazanan deyil. O qədər axmaq taktika (?) təklif edir ki, tarixən baş verməyən şey – millinin kapitanı bu məsələni açıq deməyə məcbur qalır. Maksim Medvedevin mətbuat konfrasında dedikləri sosmedianın əsas müzakirə mövzularındandır.
Maltaya məğlub olmaq bir yana, sərgilədiyimiz futbol utancverici idi. Bu bacarıqsızlıq mənzərəsinin baş baiskarı məhz sənsən, De Byazi. 3 ötürmə, bir qoz...
Azərbaycana yeni gələndə rəftar, söylənən fikirlər, işgüzarlıq cəhdləri və s. ona rəğbət yaratmaqda idi. Hətta iş o həddə gəlib çıxmışdı ki, futbol həvəskarları De Byazini AFFA-dan qorumağa çalışırdı.
İndi Byazi hər konfransda qeyri-ciddi cavabları ciddi görkəm alaraq verdikcə məzələnir.
“Malta ilə oyunda taktiki problemlərimiz oldu. Futbolçularla bu barədə danışdım. İki məşq keçməyimizin də buna təsiri oldu” – İki məşq niyə?! Çempionatın davam etdiyi bir vaxtda bir günə iki yükləmə məşqi təyin etməyin niyyəti nə ola bilərdi? Komandaya kərtənkələ motoru qoşmaq fikrin vardı? İki məşqin zibilidir ki, Malta meydanın bütün nahiyələrində bizimkilərdən daha diri görünürdü. 70-ci dəqiqədən sonra Azərbaycan millisinin yeganə rıçağı – pressinq cəhdindən də əsər-əlamət qalmadı. Çox yüklənmiş əzələ oyun zamanı pressinq planını daşıya bilməzdi.
Səni burda saxlayan AFFA bu qərarla işə hansı məntiqlə yanaşıbsa, eyni formada da özünü aparırsan... Hər konfransda qıcıqlandırıcı ifadələr, yayınma cəhdləri və s. Getdikcə də əbləhlik pikə yön alır.
“Bədavinin ayağında problem var, ona görə Latviyaya qarşı oynamayacaq”. Problem Bədavinin ayağında yox, sənin başındadır. Keçən ilin yayında Moldovayla yoxlama oununda zədələnən müdafiəçi çarpaz bağların qırılması səbəbindən əməliyyat keçirdi. Ən ağır əməliyyatlardan sayılır və reabilitasiyası yüksək dəqiqlik və həssaslıq tələb edir. Yarım ildən çox meydana çıxmayan futbolçunu milliyə dəvət etmək nə deməkdir?! Bu sarsaq qərarın üstünə futbolçunu yarım saat oynadandan sonra zədəsini təzələməyə nail olmağından başqa nə uğurun var burda?
Bu məzələnmək cəhdlərinə uyğun tərzdə reaksiyadır. Saytın axtarış bölməsində adını yazıb, necə hörmətlə yanaşdığmız məqalələrin olduğuna şahid ola bilərsən, sinyor. Lakin zamanla sənin Azərbaycandakı işinə, komandamıza hörmətlə yanaşmadığın özünü çılpaqlığıyla büruzə verir. Səndən ən yaxşı halda, bu çılpaqlığını da götürüb, buralardan uçmağını gözləyirik, başqa heç nə...
Azərbaycan futbolunun isə nəticəsizlik problemi yoxdur. Milli komandaların əbləhlik qurbanı olması problemi var. Bəs-bəlli şeyin həllinə çalışmaq lazımdır, dağa-daşa dırmanmaq yox...
Elçin Cəlilov, Futbolpress.az