Macəra dolu "Səbail"

18:36 - 25 May 2022

1990-ların ortalarında Rafet El Romanın qılıncının (oxu albomlarının) dalının da, qabağının da kəsən vaxtları idi. Nə oxuyurdusa, hitə çevrilirdi. Onda hələ Bakı sakinləri Rafeti “dolma festival”larından tutmuş, sünnət toylarına kimi iki gündən bir şəhərimizdə görmək xoşbəxtliyinə nəsib olmamışdılar. Həmin vaxt bu müğənni hələ Türkiyə publikasına da maraqlı idi, konsertlərində anşlaq olurdu. Dönəmin ən yadda qalan mahnılarından biri Azərbaycanda da çox sevilən “Macəra dolu Amerika” idi. Xəzərin sahilində böyüyüb Amerikanı yalnız kliplərdə, kinolarda görən keçmiş sovet vətəndaşları üçün bu, fərqli bir duyğu idi.

 

Amma hardan biləydik ki, illər keçəcək və macəra bizim həyatımızın tərkib hissəsinə çevriləcək. Yağış yağıb hər yanı su basanda, gölməçələrin üstünə atılmış daşların üstü ilə kəndirbazlar kimi ləngər vura-vura gedəndə, Formula-1-ə görə şəhərin mərkəzi küçələrinə qəfəsdən baxırmış kimi baxanda bu macəranı yaşayacağıq.

 

Azərbaycan futbolunda isə gündə bir macəravari söhbət eşitməsək, qulağımız kar olar. Rəhbəri, idarə heyəti düz-əməlli bilinməyən “Səbail” on gün öncə baş məşqçi Aftandil Hacıyevlə müqavilənin uzadılması barədə qərar qəbul etdi. Hətta bu şəkilləri bəh-bəhlə klubun sosial şəbəkələrində paylaşdılar ki, biz Aftandil müəllimə inanırıq. Amma üstündən on gün keçəndən sonra həmin o “naməlum” rəhbərlik bu dəfə Hacıyevi istefaya göndərir və ongünlük hakimiyyət başa çatır.

 

Düzü, ötən mövsümün gedişində məndən bir-iki dəfə soruşmuşdular ki, “Səbail” nə əcəb baş məşqçini çıxarmır? A dostlar, axı klubun prezidenti, nə bilim idarə heyəti bilinir ki, hansısa qərar da versinlər? “Səbail”in saytında İdarə Heyətinin sədri kimi veteran futbolçu Əbdülqəni Nurməmmədov göstərilib. Əbdülqəni müəllim isə heç stadionun diktorunu işdən azad edə bilməz, o ki qala, baş məşqçini. Hərdən adama elə gəlirdi ki, klub yalnız Aftandil Hacıyev və baş menecer Fərəc Əliyevdən ibarətdir.

 

Belə hadisələr yəqin ki, yalnız Azərbaycan futbolunda və Türkiyə I liqasında yaşanar. Ötən mövsüm “Bursaspor”un az qala həftədə bir dəfə yeni məşqçi gətirdiyini xatırlayanda bir millət, iki dövlət olduğumuza bir daha əminlik yaranır.

 

Maraqlıdır, on gündə nə baş verdi ki, “Səbail” rəhbərliyi (tapana mükafat var) əvvəlcə müqaviləsini uzatdığı Hacıyevə bu dəfə qapını göstərdi. “Səbail”in yeni mövsümdən büdcəsi artmalıdır, artıq bəzi futbolçularla danışıqlar aparılır, yaxşı müqavilələr təklif olunur. Hətta klubun növbəti çempionatda avrokuboklara vəsiqə üçün mübarizə aparacağı da deyilir. Deməli fikir ayrılığı büdcə, transferlər, maaşa görə ola bilər. Yuxarıda adını çəkdiyimiz Fərəc Əliyev də bildirib ki, növbəti mövsüm üçün planlar müzakirə olundu, axırda fikirlər üs-üstə düşmədi. Bu planı on gün əvvəl, yeni müqavilə bağlayanda müzakirə etmək olmazdı?

 

Bəlkə də “Səbail”in gələn mövsüm büdcəsi artacaq, komanda lap avrokuboklara vəsiqə uğrunda da yarışacaq. Amma bu cür davranışla “Səbail” mental olaraq “20-ci sahə”nin dar küçələrindən o yana çıxa bilməyəcək. Hörmətli “Səbail” rəhbərliyi (tapana ikiqat mükafat var) nahar fasiləsi yaxınlaşır, Faiqin kababxanası sizi gözləyir, növbəti planları müzakirə üçün .

 

Elnur Məmmədli, msport.az

Xəbər xətti