Nazlı Baqa problemi

17:46 - 18 Sentyabr 2022

“Qəbələ” -  “Sumqayıt” - 1:0

7 turan sonra cəmi 1 qol vurulub, o da penaltidən (“Şamaxı”ya qarşı). “Gənclik şəhəri” təmsilçisi 3 heç-heçə hesabına 3 xalla 10 komanda arasında 8-ci yerdədir. Top fərqinə baxaq: 1-10. Mövsümöncəsi sədalara uzaq olan mənzərə...

Sәngimәyәn pis nəticələr “Sumqayıt” rəhbərliyinin ötən il verdiyi qərardan qaynaqlanır. Sanki “nəyin bahasına olursa olsun” onu gətirmək eşqiylə Aleksey Baqanın istəklərinə əvvəldən razılıq verilməsinin acı nəticələri özünü büruzə verir...

Baqa Qəbələdəki oyundan sonra “CBC Sport”un mikrofonuna deyir ki, bizim taktiki planda problemimiz yoxdur. Bədən dilinə diqqət etməyə gərək yoxdu, jest və mimikalarıyla aşkar hiss etdirməyə çalışır ki, pis nəticələr “mənlik deyil”....

Baqa PRO kateqoriyasını açıb qarşısına qoysun və bizə ehtiyac yoxdur, özünə izah versin, taktiki cəhətdən problem yoxdursa, niyə 7 tura cəmi 1 qol? Niyə bütün qarşılaşmalarda qol vəziyyətləri sayında rəqibdən geri qalıb komanda?

Bu replikaya məntiqli təhlil vermək mümkün deyil, çünki Baqa acıqlı, küskün cavablar verir. Taktiki səhih qurulan oyunun nəticəsiz olması baş məşqçi tərəfindən belə dəyərləndirilirsə, deməli, daxili ab-hava haqda yaxşı nəsə demək olmaz. Əvvəllər eyhamla deyirdisə, indi aşkar ittihamı komandayadır...

“Qəbələ”nin vurduğu qolda müdafiə xəttinin davranışı, həvəssizliyinə baxaraq, Baqa ilə komandası arasında rabitənin vəziyyətini görmək olar...

Vəziyyətin Baqa adına belə hal alması, yuxarıda qeyd etdiyimiz kimi, rəhbərliyin yanlış qərarından doğur. Sanki belaruslu mütəxəssisin nazıyla oynandı, bura gəlməyinə razı salındı və uğursuz olunca, o da trip atır...

Belə vəziyyətin həlli daha çətindir, nəinki yeni qərarlar vermək. Baqanın bu komadayla bağı qırılmış görünür...

Baqa düşünürsə ki, oyunçu seçimində onun qərarları dominant olmalıydı, bunda yanılır. Əvvəla, dünya praktikasında bu hal lap az klubda var. Xüsusən, “Sumqayıt”ın indiyədək bu strukturla davam etdiyini əlbəttə ki, əvvəldən bilirdi.

Yay transfer dövründə götürülən futbolçuların onun standartlarına cavab vermədiyini düşünürdüsə, bu barədə vaxtında mövqe bildirməliydi. Baqavari manipulyasiya halı müşahidə olunur – kompensasiya verilməsə, gedən deyil - şablonla bu onun haqqıdır...

İstənilən halda, bu qarışıq vəziyyəti klub özü öz başına açıb. İndiyədək bəlkə tunelin ucunda zəif işıq görünürdüsə, indi Baqa bütün naz-qozuyla o işığın da itməsinə səbəb olur. Yanlış, yaxud şanssız baş məşqçi seçimi üzərində çox tab gətirmək də əhəmiyyətsiz görünür.

Ümumiyytlə, vəziyyət xarabdır. “Sumqayıt” meydanda aciz futbol göstərir. Bu komadaya yeni nəfəs gərəkdir....

Elçin Cəlilov, Futbolpress.az

Xəbər xətti