5 oyunluq qələbə seriyamız var idi. İndi 2 ardıcıl darmadağınımız var!
2 oyuna 9 qol buraxmışıq və bu göstəricidə UEFA üzvü olan 53 ölkə arasında 2-ciyik.
Amma bizim italiyalı baş məşqçimiz var…
Bir gün öncə Bakıda futbol bayramı idi. AFFA-dan bir zatın qarışa bilmədiyi “Qarabağ” “Qalatasaray”la qarşılaşırdı. 60 min azarkeş, yüksək səviyyəli təşkilatçılıq, zövq verən oyun izləyirdik.
Dünənsə ölkə futbolunda yas idi. AFFA-nın məhv etdiyi Azərbaycan futbolu son 15 ildə 16-cı dəfə ölürdü.
Avstriya ilə oyundan sonra Yusif İmanovla Bəxtiyar Həsənalızadənin səhvləri qabardılır, 2 oyunçu “qurbanlıq keçi” kimi nişan verilirdi. Stokholmda isə səhv etməyən qalmadı. Komandada hamı səhv edirsə, artıq bu, fərdi səhv sayıla bilməz, kollektiv oyun yoxdursa, onun başında dayanan adam günahkardır.
Toral Bayramovu sağ cinah hücumçusu kimi, Cəlal Hüseynovu eyni cinahda müdafiəçi oynatmaq üçün “fitri istedad”ın olmalıdır. Hər əvəzetmədən sonra rəqib fərqi artırırsa, deməli, ümumiyyətlə, De Byazi məşqçi kimi bacarıqsızın yekəsidir. İtaliyalı çempionat oyunlarına baxanda kefli olmayıbsa, ən azı futbolçuların hansı mövqedə daha faydalı olduğunu görməli idi. Görməyibsə, ondan oyunun təşkilində, taktika seçimində doğru addımlar atacağını gözləməyə dəyməz.
İndi cəhənnəm olub getmək vaxtıdır. Həm də tək yox, AFFA-dakı himayədarları, onu bura gətirənlər, müqaviləsini uzadanlarla birlikdə. 0:5-dən o tərəfi yoxdur. Həm də son illərin ən aciz İsveçi ilə oyunda…
1:4 uduzduğumuz Avstriyanın da gücü çox şişirdilirdi, dünən estonlar onlara cəhənnəm əzabı yaşatdı. Moldova isə Çexiyanı büdrətdi. Və biz… Nəticə bir yana, komandamız yoxdur.
Dəyişiklik, islahat üçün çox gecikmişik. Futbolçuları, məşqçini dəyişməyə yox, AFFA-nı kökündən qazımağa gecikmişik. Bu islahatlar ona görə aparılmamalıdır ki, yeni Elxan Məmmədov təyin edilsin. Futbolda islahatlar daha diqqətli aparılmalı, yeni təyin olunanlara konkret vaxt verilməli, qarşılarına tələb qoyulmalıdır.
Uğurlu nümunələr var. “Qarabağ” modelini örnək götürməklə ölkə futbolunda yeni xətt seçilməlidir – qaquliklərsiz, marketoloqlarsız…
İlk öncə bugünəqədərki faciələrimizin möhürvuranları olan İcraiyyə Komitəsi tam tərkibdə istefaya göndərilməli, onların heç biri futbola yaxın buraxılmamalıdır. Və hər birindən kresloda əyləşib hər cür imtiyazla təmin oldunduqları illərin hesabatı istənilməlidir. Yeyib, talayıb qaçmalarına imkan vermək olmaz – onları əvəz edəcək şəxslərə görk olsun deyə – ki, onlar da eyni cür davranmasınlar.
VÜSAL MAHMUDOV, Futbolinfo.az
saytlarin hazirlanmasi