Ciao, Gianni!

22:14 - 28 Mart 2023

Milli komanda Azərbaycan futbolunun güzgüsüdü. Bu mənada Avstriya və İsveç məğlubiyyətləri gözlənilən idi. Futbolumuz Avropadan ən azı 1:9 hesabı ilə geridədi. Əsində isə ölkədə geniş mənada peşəkar futbol yoxdu. Həvəskar futbolu bizə peşəkar futbol kimi təqdim ediblər. Amma Avropanın həvəskar futbolu da bizim peşəkar futboldan çox irəlidədi. 

İllərdir AFFA xalqı və dövləti aldadıb. Son belə hal 5 oyunluq qələbə seriyasına görə məşqçilik karyerası Albaniyada bitmiş (bu haqda özü Albaniyadan ayrılanda rəsmi saytında deyib), amma bundan özünün xəbəri olmayan Gianni De Byazi ilə müqavilənin uzadılması idi.

Səmimi deyim ki, 67 yaşlı italiyalıya bir az da acıyıram. Futboldan zirvədə getmək vacibdi. De Byazi bəxtin də çox böyük köməyilə Albaniyanı Avropa Çempionatının final mərhələsinə yüksəltdi. O vaxt, yəni 2014-cü ildə komandasının Serbiya ilə oyununda dava düşdü, serblərin 6 xalı silindi, Albaniyaya 3 xal verildi. Həmin matçdan olan fotoları da bura əlavə edirəm. Amma bu haqda ətraflı danışıb başınızı ağrıtmayacam. Zatən De Byazinin millisi Azərbaycan xalqının başını, canını ağrıtdı, qüruruna toxundu.

Albaniyanı AÇ-nin final mərhələsinə çıxartdığı üçün onun millimizə təyinatını ən çox dəstəkləyənlərdən olmuşam. Amma görürəm ki, bu, böyük səhv idi. Xüsusən ötən ilin sonunda əhəmiyyətsiz görüşlərdə qazanılan qələbələri bayraq edərək müqavilənin uzadılması bağışlanılmazdı... Bəlkə De Byazidə qocalıq marazmı inkişaf edib. İsveçə 0:5 uduzan baş məşqçi xalqdan üzr istəmək əvəzinə deyir ki, əla oynadıq, müqavilə müddətim bitəndə AFFA-dan yeni təklif gəlsə, onda bu haqda danışarıq. Adamın 3 ildir N qədər pul alıb "yaratdığı" ruhsuz komandanın bir xalqın qüruruna toxunması eyninə də deyil.

Avstriya ilə oyunda soruşmuşdum ki, 3 ildə hədəfiniz nə olub? Dedi gəncləşdirmə. Dedim bəs onda Almeyda, Höccət və başqa təqaüdə hazırlaşanları milliyə niyə dəvət edirsiniz? İsveçə 0:5 uduzandan sonra mətbuat konfransında çərənləyəndən sonra mənə qayıdıb deyir ki, gördün Almeyda necə oynadı? Mən də dedim ki, necə oynaması tablodakı nəticədən, iki oyunda buraxılan 9 qoldan bəllidi...

De Byazi məntiqlə bu faciəvi startdan sonra gedəcək. Amma onun yerinə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan futbolu düzəlməyəcək... Çünki, tək problem milli və De Byazi deyil. Azərbaycan futbolunu istedadlı dələduzların caynaqlarından azad etmək lazımdı. Bundan sonra uzun müddətli plan, strategiya qurulmalı, uşaq futbolu sürətlə inkişaf etdirilməlidir.

Əsas millidə də normal potensialı olan futbolçular az deyil. Sadəcə, onlara elə baş məşqçi rəhbərlik etməlidi ki, Azərbaycan adının, milli formasının, bayrağının dəyərini anlatsın, bir qol buraxan kimi əl-qollarını salıb rəzil olmasınlar. Hər oyunda final fitinə kimi başlarından yuxarı tullanmağa çalışsınlar, can qoysunlar. 

Avstriya və İsveçə aparılan şəhid övladının Azərbaycan üçün canını fəda etdiyi kimi olmasa da, ən azı var qüvvələri ilə bu formanın haqqını versinlər...

O şəhidlərin ruhunu şad etməyi, övladlarını sevindirməyi az da olsa, düşünsünlər...

De Byazi isə gedəcək. Buna şübhəm yoxdu. Ona bu 3 illik fəaliyyətinə görə heç etika xatirinə də quru "sağ ol" da düşmür. Sadəcə, o getməklə Azərbaycan futbolu düzələcəkmi?!

Anar Şabanoğlu (sports.az)

 

Xəbər xətti