Sancı çəkən yığma

20:59 - 31 Mart 2023

Yığmamızın Avstriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlubiyyətləri haqda çox danışıldı, çox yazıldı.

Hamı da bir nəfər kimi komandamızın biabırçı oyun sərgiləməsindən, məşqçi işinin olmamasından bəhs etdi.

Təkcə baş məşqçi Canni De Byazinin özündən başqa. İtaliyalının İsveçlə oyun sonrası mətbuat konfransında səsləndirdiyi fikir bizi ələ salmaqdan başqa bir şey deyildi: "Fikirləşirəm ki, əla oyun göstərdik, top daha çox bizdə idi..."

Düzünə qalsa, De Byazi doğru deyirdi. Həqiqətən yığmamız hər 2 oyunda, ələlxüsus da isveçlilərlə matçda yaxşı oynadı - amma topla yox, əsəblərimizlə...

Əslində, Canni De Byazi indi yığmamızın başında olmamalıydı. Hələ ötən ilin martında onunla müqavilənin uzadılmayacağı, tezliklə komandamızın yeni, bəlkə də, yerli mütəxəssisə tapşırılacağı gündəmdə idi. Səbəb yığmamızın Malta və Latviya milliləri ilə yoldaşlıq oyunlarında minimal hesabla məğlubiyyətiydi. 3 ay sonra Millətlər Liqasında Qazaxıstana 0:2, Slovakiyaya isə 0:1 hesablı yenilgiləri məşqçinin göndəriləcəyinə əminliyi artırmışdı. AFFA rəsmiləri də dolayısıyla onunla müqavilənin yenilənməyəcəyini bildirmişdilər. Amma De Byazinin qanının arasına Belarus millisi girmişdi. Yəni Belarusla elə həmin Millətlər Liqasında səfərdə qolsuz heç-heçə, evdə isə 2:0 hesablı qələbə. Ardınca 2 rəsmi və 2 yoxlama oyunundakı qələbələr... Məhz 5 oyunluq qələbə seriyası De Byazinin müqaviləsinin yenilənməsi ilə nəticələndi. Buna qarşı çıxanlar az deyildi. Amma AFFA "ayıb olar" deyə, italiyalını komandanın başında saxladı və zaman göstərdi ki, bu, səhv qərar idi. Zaman onu da göstərdi ki, 5 ardıcıl qələbə aldadıcı göstəricidir - nə komandamız düzəlib, nə futbolçular, nə də futbolumuz...

Son zamanlar televiziyalardan yana sosial şəbəkələrdə, əsas da "Tik-tok"da futbolumuz, yığmamızla bağlı canlı müzakirələrə daha çox rast gəlirik. "Tik-tok" ciddi platforma sayılmasa da, burada demək olar ki, hər gün futbolumuzla birbaşa bağlılığı olan şəxslərin, idman jurnalistlərinin iştirakı ilə ciddi müzakirələr aparılır. Arada həmin "canlı"lara qoşulmaq, fikir bildirmək imkanım yaranır. Sonuncu oyundan əvvəl mənə ünvanlanan "İsveçlə oyunda nəticə qazanmaq üçün nə etməliyik" sualını yarızarafat-yarıciddi belə cavablandırmışdım: "çoxlu dua etməliyik". Öz adımdan dua etdim. Görünür, qəbul olunmadı. Kim bilir, bəlkə də qəbul olundu. 5 qolla canımızı qurtardıq. Oyundan sonra daha bir canlıda "yığmamızın oyunundan nə anladınız" sualını isə cavabsız qoydum. Səbəbi və cavabı növbəti abzasın birinci cümləsində...

"Uzun sürən xəstəlikdən sonra Burundi hökuməti şəhərdə tikilən göydələnlərin birində leysan yağışlar nəticəsində Messinin qol sevincini itkin düşən insanlara hörmətlə yanaşılmalıdır..." Nəsə aydın oldu? Sadəcə, söz yığını. Baxın, yığmamızın İsveçlə oyunu bu söz yığınına bənzəyirdi.

Futbol yığmamızın çətin günləri arxada qaldı. Həmkarım Mehman Rəsulovun komandamızın çıxışları haqda hazırladığı reportajda deyildiyi kimi - yığmamız 9 dəfə "sancılandı", 2 məğlubiyyət "doğdu". Əgər AFFA başbilənləri qısa zamanda ciddi addımlar atmasa... Hansı addımlar? Bunu hamı bilir. Əks-təqdirdə yığmamızı daha çətin günlər gözləyir. "Sancılar" da çox olacaq, "doğuşlar"da...

İlqar TAĞIYEV

Xəbər xətti