Az pul, az hörmət, çox istək - YAZI

17:43 - 3 Avqust 2023

Azərbaycan üçün bu yay UEFA Çempionlar Liqasında “istilər” uzun sürmədi.

“Qarabağ”ın Polşa çempionu “Rakuv”a iki oyunun cəmində uduzub, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəni dayandırmasından sonra mediaya və sosial şəbəkəyə çökən “soyuqluğ”u hiss etməmək mümkün deyil. Amma bundan daha pisi mediada və sosial şəbəkədə yazılanların adamın beynini üşütməsi, hətta dondurmasıdır.

“Qarabağ” “Rakuv”u keçə bilərdimi?

Keçə bilərdi.

“Qarabağ” Polşa klubunu keçməli idimi?

Keçə də bilərdi, keçməyə də bilərdi. Təxminən, eyni gücdə iki komandanın dueli idi.

Hansısa beyinin məhsulu olan “Qurban Qurbanov istefa verməlidir” fikri ciddiyə alınmalıdırmı?

Bu sualın üzərindən gülərək keçək.

Dünya, Avropa və Azərbaycan futbolunun öz reallıqları var. Həmin Qurban Qurbanov bir neçə dəfə… Yoxxx, hətta dəfələrlə deyib ki, əcnəbi futbolçuları Azərbaycana gətirmək çox çətindir.

Qurban Qurbanov bunu deməyib, mən deyim: Azərbaycan Avropada və dünyada hörmət olunan ölkələr sırasında deyil. Səbəbləri çoxdur, sadalasam, mövzudan uzaqlaşmış olarıq.

Azərbaycan Səudiyyə Ərəbistanı da deyil ki, özünə hörmət edən hansısa futbolçuya Avropada qazandığından iki-üç dəfə çox pul təklif edib, gətirəsən. Nə o qədər pul var, nə də hörmət.

Mən hətta bəzən heyrətlənirəm ki, “Qarabağ” Abdullah Zubir kimi futbolçuları heyətində necə saxlayır. Ciddi deyirəm, bu, heyrət doğuracaq cinsdən olan məsələdir.

Qurban Qurbanov gedən futbolçuların kimliyindən asılı olmayaraq, komandada sabitliyi qoruyub-saxlamaq üçün illərdir əziyyət çəkir. Azərbaycan futbolunun bu gün ən böyük qazancı da “Qarabağ”ın sabitliyidir, daim avrokubokların qrup mərhələsində oynamasıdır. Vəssalam, bizim maksimumuz, hazırkı şərtlər altında gedə biləcəyimiz ən uzun yol da budur. “Qarabağ” bəzən boyundan yüksəyə tullanacaq, ara-sıra “Rakuv” kimi “qəzalar” olacaq. Bunlar olacaq. Çünki bu, futboldur.

“Qarabağ”, ya da Qurban Qurbanov tənqid olunmamalıdırmı?

Məsələn, Qurbanovun Şahruddin Məhəmmədəliyev israrının insanlarda qıcıq doğurmasını, buna görə tənqidləri anlayıram.

Ancaq yenə də, təkcə futbol deyil, istənilən mövzuda fikir bildirməzdən əvvəl başımızı qaldırıb, yaşadığımız ölkəyə, ölkənin şərtlərinə baxaq. Əminəm ki, bu şərtlər altında Qurban Qurbanova Mark-Andre ter Ştegeni, ya da Manuel Noyeri “Qarabağ”a transfer etmək təklif olunsaydı, düşünmədən, bir saniyə tərəddüd etmədən “hə” deyərdi.

Rəşad Ergün, Komanda.az

Xəbər xətti