Pelenin DÇ-də ilk qolunu vurduğu stadionda yazılan tarix...

12:35 - 7 Oktyabr 2023

Qırmızı işıqda gözləməyə səbri çatmayan isveçlilər başqa sərt qaydalara əməl edirlər.

Məsələn, şəhərdə gəzərkən siqaret çəkmək qadağandır.

Əgər kimsə bunu edərsə, 80 avro cərimələnəcək. Siqaret çəkmək üçün xüsusi yerlər var, orada çəkib sonra yoluna davam etməlisən.

Şəhərdəki qiymətlərə gəlincə, Azərbaycandan ora səyahət edənlər üçün kifayət qədər bahalı ölkədir. Geyimlərin qiymətləri ilə yanaşı ərzaqların da dəyəri aşağı deyil.

Yerli əhali çörəkdən çox az isifadə edir. Qaldığımız hoteldə hər yeməkdə bizim çörək istəməyimizi görəndə o qədər təəccüblənirdilər ki... Hətta hoteldə təsadüfən azərbaycanlı olduğunu öyrəndiyimiz Kamil də gizlədə bilmədi təəccübünü. Bizə bildirdi ki, burada heç kim belə çörək yemir.

İsveçdə dəniz məhsullarının məşhur olmadığını görsək, təəccüblənərdik. Dəniz məhsullarından hazırlanan yeməklərin dadı mükəmməl olmasa da, digər Avropa ölkələrinə nisbətən qidalanmaqda çətinlik çəkmədik.

Göteborq şəhərində yaşayan azərbaycanlıların sayı da az deyil. Elə ilk gün bizə marketdə rast gələn qubalı xanım, hoteldəki ofisiant, ticarət mərkəzində işləyən satıcı bu fikrin yaranmasına səbəb oldu.

Avropanın ən böyük əyləncə mərkəzlərindən biri olan “Liseberq” məhz Göteborq şəhərində yerləşir. 1923-cü ildə tikilən park ötən il Avropanın ikinci ən yaxşı parkı seçilib.

Bu ölkə ilə bağlı müşahidələrimizin fonunda artıq gəlib oyun gününə çatmışdıq. Əvvəlki günlərlə müqayisədə qarşılaşmaya maraqla bağlı heç nə dəyişməmişdi. Stadionda azarkeş sayının az olacağı əvvəldən gözlənilirdi. Əfsanəvi futbolçu Pelenin 1958-ci il dünya çempionatında 17 yaşı olarkən Uelsə qol vurduğu matçın keçirildiyi qədim tarixə malik “Ullevi” stadionunda cəmi 15 minə yaxın tərəfdar var idi. Azərbaycanlı azarkeşlərin sayı isə heç də az deyildi. Təxminən 300 nəfərə yaxın həmyerlimiz Avropanın müxtəlif ölkələrindən bura gəlib Ağdam klubuna dəstək olurdu.

Arenanın media sektoruna qalxdıqda bizimlə ilk göz-gözə gələn adamı görəndə təbii ki, sevindik. 3 il “Qalatasaray”ın şərəfini qorumuş, İsveç futbol tarixinin ən yaxşı oyunçularından biri Yohan Elmanderlə rastlaşmaq maraqlı idi. Onunla foto çəkdirdikdən sonra soyuq havada istilik radiatorları ilə qızdırılan media oturacaqlarında yerlərimizi aldıq.

“Qarabağ” hakimin start fitindən sonra elə ilk dəqiqələrdən hücuma atıldı. Sadəcə stadionun ot örtüyündə olan problemlər ağdamlıların futbolçularına topu istədikləri kimi ram etməyə imkan vermirdi. Buna baxmayaraq Qurban Qurbanovun komandası meydanda dominant tərəf idi. İsveçlilər isə ara-sıra əks-hücumlara bel bağlayırdı. İlk hissədə epizodlar olsa da, tərəflər fərqlənə bilmədi. İkinci hissədə isə Juninyo komandasına qələbə gətirən qola imza atdı.

“Qarabağ” bununla ilk dəfə avrokuboklarda start matçı ilə birlikdə ikinci oyunda da qələbə qazandı. Artıq Qurban Qurbanovun komandası həm motivasiya baxımından, həm də xal baxımından favorit olaraq özünü göstərə bilir. Leverkuzen “Bayer”i ilə birlikdə 6 xala malik Ağdam təmsilçisi növbəti iki matçını elə lider olan almanlara qarşı keçirəcək.

Oyun ətrafında baş verənlər də diqqətdən kənar qala bilməz. Qurban Qurbanova oyundan bir gün öncə keçirilən mətbuat konfransında təxribat xarakterli sual verildi. Çalışdırıcıdan ermənilərin Qarabağdan getməsi ilə bağlı fikirlərini bildirməsi istənildi. Oyundan sonra da yerli jurnalistlərdən biri eyni mövzuda sual verdi. Qurban Qurbanov isə əvvəlki illərə nisbətən bu suallara çox təmkinli, qalib ölkənin qalib komandasının baş məşqçisi kimi qələbə ruhu ilə cavab verdi. Onun isveçlilərə verdiyi təmkinli və gözəl cavablar Q.Qurbanovun ölkəmizin 44 günlük müharibədə və antiterror tədbirlərində qazandığı hərbi və siyasi qələbənin təzahürü idi.

Üstəlik, bunun yanına əlavə etmək olar ki, isveçli azarkeşlər matçdan sonra Qurban Qurbanovla görüşərək onu yaratdığı komandaya görə təbrik etdilər. Azərbaycanlı məşqçiyə bizdən daha güclü futbol ölkəsində bu cür hörmət xoş mənzərə idi...

Qarşılaşmadan sonra keçirilən konfransda rəqibin baş məşqçisi Per-Matias Höqmo Ağdam klubunu təriflədi, müdafiə xəttindəki futbolçuların inamlı oyunundan söz saldı.

6 xala bərabər qazanılan qələbədən dərhal sonra komanda ilə birlikdə hava limanına yollandıq. Şəhərin kiçik aeroportu yalnız bizə xidmət göstərirdi. Çünki burada saat 12-dən sonra uçuşlara icazə verilmir. Bakıya qayıdan “Qarabağ”ı isə qarşıda “Neftçi” ilə çətin görüş gözləyir.

Elsəvər Məmmədov, Qafqazinfo

Xəbər xətti