Şahin Diniyevin uğursuz misalı – "Səbail"i o vaxt yıxan "5-ci kolon" barədə xatırlatma

20:58 - 7 Oktyabr 2023

Ötən mövsüm yalnız son turda Premyer Liqada yerini qorumağı bacaran “Səbail” yeni mərhələyə qədəm qoyub. Şahin Diniyevin komandası göstərdiyi nəticələrlə birinci dövrəni ilk üçlükdə bitirəcək. Amma bu yazının qayəsi “Səbail”in çıxışı yox, Şahin Diniyevin bəlkə də bilməyərəkdən həmkarı Aftandil Hacıyevin işinə kölgə salmağıdır. 

Təcrübəli mütəxəssis bu gün səfərdə “Qəbələ” üzərində qazanılan qələbədən sonra keçirilən mətbuat konfransında stabil komanda qurmağın önəmi barədə danışıb:

“Yaxşı futbolçular gətirməklə, 1-ci, 2-ci yer uğrunda da oynamaq olar. Amma bu, qısamüddətli alınacaq, bir ildən sonra bu komanda dağılacaq. Yadınızdadır da, "Səbail" avrokuboklarda oynadı, ondan sonra isə üç il çempionatda axırıncı yeri tuturdu. Onu yaşamamaq üçün komanda yaratmaq lazımdır”.  

Düzü, Şahin müəllimin o vaxt “Səbail” daxilində yaşananlardan məlumatlı olmaması o qədər də inandırıcı deyil. Amma hər halda Aftandil Hacıyevin baş məşqçi olduğu dönəmdə “Səbail”in çök(dürül)məsi barədə detalları Diniyevin də diqqətinə çatdırmağı borc bildik. Əslində, bu hadisələri futbolun içində olanlar yaxşı bilirlər. Bəlkə də Şahin Diniyev bilmir, bəlkə də unudub... 

Birincisi, Şahin Diniyev bu açıqlamasında fakt səhvinə yol verib. Çünki “Səbail” avrokuboklara çıxan ilin davamında sonuncu yeri tutmayıb. Pandemiya səbəbindən yarımçıq qalan 2019/20-ci il mövsümündə turnir cədvəlinin zirzəmisində “Qəbələ” olub. İkincisi, “Səbail” məcburi fasilə ərəfəsindəki son matçda “Zirə”ni məğlub etsəydi, hətta avrokuboklara vəsiqə qazanacaqdı. Əgər Şahin Diniyev bunu da unudubsa, o vaxt “Səbail”i avrokuboklardan cəmi 3 xal ayırdı və həmin vəsiqə “Sumqayıt”a qismət oldu.   

O ki qaldı “Səbail”in o vaxtkı çöküşünə...

Aftandil Hacıyev elə ilk ilindəcə çox yaxşı komanda qurub, bürünc medalları qazanaraq Avropa Liqasında iştirak hüququna yiyələndi. Rumıniyanın “Krayova” klubu ilə oyunlarda da yekunda məğlub olmalarına baxmayaraq, yaxşı təsir bağışladılar. Lakin Azərbaycan futbolunun bir çox bəlalarının müəllifi, AFFA-nın o vaxtkı baş katibi Elxan Məmmədovun müdaxiləsi bu klubun çöküşünü qaçılmaz etdi. Əslində, Məmmədovun problemi Aftandil Hacıyevlə deyildi, onun məqsədi başqa idi. “Səbail”i tam nəzarəti altına keçirmək istəyən Elxan Məmmədovun qarşısında ciddi əngəl var idi – Tamerlan Abdullayev! AFFA prezidentinin qardaşı oğluna qarşı açıq mübarizə apara bilməyən Məmmədov “Səbail”də çalışan adamları sayəsində klubu çökdürməyə başladı. “Səbail”dəki “5-ci kolon” işini məharətlə gördü. Klubun illik büdcəsi həvəskar komanda saxlamaq səviyyəsinə qədər azaldıldı, daxildə intriqalar çoxaldı. Vəziyyətin ildən-ilə pisləşdiyini görən Tamerlan Abdullayev bezib “Səbail”dən əl çəkdi. 

Klubun “qəpiyə güllə atdığı” dönəmdə heç kim “Səbail”ə yaxın durmaq istəmirdi. Aftandil Hacıyev isə çətin günlərdə pis-yaxşı, bacardığı kimi çalışdı, əlindən gələni etdi. Hadisələrin sonrakı gedişatı isə janrın klassikası ilə yaşandı. “Səbail”ə pullar axmağa başlayan kimi Elxan Məmmədov kluba əl qoydu. Aftandil Hacıyevi çıxardılar, hal-hazırda da heç bir cəhətdən korluq çəkmirlər.  

Bu. Şahin Diniyev üçün kiçik bir xatırlatma idi.  “Səbail”in sabahı barədə danışarkən, klubun dünənində baş verənləri təhrif etmək doğru deyil! 

Həmid 
 

Xəbər xətti