"İrəvan"da pul qalmadı... QEYD

17:39 - 20 Oktyabr 2023

Əvvəllər hansısa klubun futbolçularına borclu qalması, maaşları gecikdirməsi hallarına tez-tez rast gəlinərdi. Amma bu, əvvəllər idi. O vaxtdan bəri çox şey dəyişib. İndi dövlətin bir əli futbolun üstündədir. Büdcədən klublara vəsait ayrılır, ən azı mövcud olmaq üçün münbit şərait yaradılıb.

Lakin I Liqada cəmi bir neçə turdan sonra artıq bir klubun dağılmaq təhlükəsi ilə üzləşdiyi xəbəri çıxıb. Özü də çempionluğa əsas namizəd sayılan "İrəvan"ın...

Sanballı heyət yığan, əksəriyyəti Premyer Liqa görmüş futbolçulardan qurulan "İrəvan" ilk turlardan baxımlı oyun sərgiləyir, yaxşı nəticələr qazanırdı. Hətta indidən "İrəvan"ın gələn mövsüm elitaya qalxması, tezliklə ev oyunlarını Xankəndidə keçirməsinə dair ümidlər yaranmışdı. Lakin çox keçmədi ki, bütün bu xoş arzuları xoş olmayan gerçəkliklər əvəzlədi - "İrəvan"ın maaşları verməyə pulu yoxdur...

Adi gözlə də görünürdü ki, dövlətin ayırdığı büdcə belə heyət saxlamaq üçün yetərli deyil. Məntiqlə belə düşünmək olardı ki, klubun yaxşı maliyyə imkanlarına malik sponsorları var. Hər halda sponsorsuz belə yükün artına girmək olmaz(dı).

"İrəvan"ın İmişliyə getməməsi, futbolçuların oyuna çıxmaqdan imtinası Azərbaycan futbolunu köhnə günlərinə qaytardı. Çoxdandır ki, belə mənzərəylə üzləşmirdik. Bu yaşananların günahı təkcə klub rəhbərliyində deyil, həm də AFFA rəhbərliyindədir. Hətta günahın daha çox payı məhz federasiya rəhbərliyindədir. Tarixi Azərbaycan torpaqlarının adını daşıyan bir klubun futboldan uzaq adamlara tapşırılması, onların I Liqaya buraxılması silsilə səhvlər kimidir.

Aydın məsələdir ki, "İrəvan"ın I Liqaya buraxılmasını AFFA-dan xahiş/tələb edən instansiyalar olub. Bəs, hanı indi o xahişi edən adamlar, niyə ortaya çıxmırlar, niyə futbolumuz adına belə rəzil duruma müdaxilə etmirlər? 

Bu hadisə bir daha onu göstərir ki, futbolda futbol adamları çalışmalıdır, hər iş onu bilənə tapşırılmalıdır. Xüsusən, "İrəvan" kimi bir layihəyə çox həssas yanaşılmalıydı, bu klubda hər iş zərgər dəqiqliyi ilə görülməliydi. Di gəl ki, biz nə görmək istəyirik, gördüyümüz isə istəmədiyimizdir...

Ümid edək ki, "İrəvan" gələn tur oyuna çıxacaq. Əks halda klubun dağılması qaçılmazdı. Çünki reqlamentə görə 2 oyuna çıxmayan komanda mübarizədən kənarlaşdırılmalıdır.

Həmid

Xəbər xətti