İki şəhər arasında - QEYD

19:36 - 25 Oktyabr 2023

Almaniya...

Bu ölkə haqda ümumi planda çox danışmağa, vəsf etməyə lüzum yoxdur. Yəni, Almaniyanın təqdimata ehtiyacı yoxdur. Avropanın texnologiya mərkəzi, sivil cəmiyyət - bir sözlə, inkişafetmiş ölkə modelinin ən bariz nümunəsi.

Almaniya azərbaycanlılar üçün də doğmalaşıb. Az qala hər küçədə həmyerlilərimizlə rastlaşmaq mümkündür. Bir az da bədii inikasla desək, azərbaycanlılar Polşa ilə yanaşı, Almaniya ilə də ölkəmiz arasındakı məsafəni də "su yoluna döndəriblər".

***

Leverkuzendəyik. "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində nəinki Almaniyanın, hazırda Avropanın ən yaxşı komandalarından biri olan "Bayer"lə qarşılaşma üçün ötən gün Bakı vaxtı ilə saat 19:10-da çarter reysi ilə Almaniyaya yola düşdü. Hə, yolçuluğa başlamazdan əvvəl bir məqam "kefimizə əməllicə soğan doğradı". Belə ki, həmkarlarmızdan biri pasportuna viza vurulmaması səbəbindən Almaniya səfərindən məhrum oldu. Halbuki bu barədə səfirlikdən öncədən heç bir xəbərdarlıq da edilməmişdi...

Bu dəfə də təyyarənin göyərtəsində komanda üzvləri ilə yanaşı, media nümayəndələri də yer almışdı. Təxminən 5 saatlıq uçuşdan sonra təyyarə "Köln Bonn Airport"a eniş etdi. Köln bizi yağışla qarşıladı. Havanın isə bu dərəcədə soyuq olacağını düşünməzdim. Bugünlərdə Almaniyaya səfər edəcək kəslərə qalın geyim tədarük görməsi məsləhətdir... Kölnlə Leverkuzen arasındakı məsafə də olduqca qısadır. İki məntəqədən bir-birinə mənzil başına çatmaq üçün avtomobillə təxminən on beş, tramvayla isə maksimum 30 dəqiqə bəs edir.

Xülasə, bizim üçün ayrılan avtobusla qalacağımız yerə - "BayArena"nın daxilindəki (!) "Lindner Hotel"ə gəldik. Bu oteldən söz düşmüşkən, bir məqamı da qeyd edim ki, ilk dəfədir belə infrastruktura malik arena ilə rastlaşıram. Düzdür, 4 xarici ölkədə olmuşam, amma məndən daha çox səyahət edən həmkarlarla söhbətləşəndə, onlar da bu mənzərəyə ilk dəfə şahidlik etdiklərini bildirdilər.

Geriyə...

Bu gün günorta yeməyindən sonra bir neçə həmkarımla yenidən Kölnə üz tutduq. Leverkuzen-Köln marşrutu üzrə tramvayla Kölnün mərkəzinə gəldik. Yeri gəlmişkən, biletlərin qiyməti çox münasibdir - adambaşına 4 avro. Dörd nəfərlik ümumi bilet paketinin qiyməti isə 19 avro təşkil edir.

Buranın ən məşhur yerlərindən biri də, sözsüz, Köln Kilsəsidir. İnanmıram ki, bura üztutanların arasında Köln Kiləsinin önündə xatirə fotosu çəkdirməyən olsun. Keçidlərdə isə ürəkağrıdan mənzərəyə rast gəlirsən. Köln sakinlərinin dediklərinə görə xarici ölkələrdən Almaniyaya təşrif buyuran və yaşayış, işləmək icazəsi ala bilməyən insanlar səfil durumda keçidlərdə, soyuq beton üzərində gecələyirlər. Hansına baxsan, səndən maddi kömək tələb edəcək...

Biz gəzməyimizdə olaq, yağış da intensivləşməyində. Yağışın səngiməməsi, əksinə daha da "qəddarlaşması" bizə Kölnü rahat gəzməyə/görməyə imkan vermədi. Bu səbəbdən gəzintini yarımçıq qoyub, çaparaq "Lindner Hotel"ə qayıtdıq.

Sabah isə "BayArena" tozanaq olacaq. Yağış, soyuq demədən, leverkuzenlilərlə "köhlən atlar" arasında gərgin mübarizə gedəcək. Hər birimizin istəyi də "Qarabağ"ın buradan xal və ya xallarla qayıtmasıdır...

"Hadisə yerindən" hələlik bu qədər...

Daşqın Əziz, Offsideplus.az


Xəbər xətti