17-18 yaşlarında "Anderlext" və "Tottenhem" kimi klubların bu yaş komandalarında çıxış edən İsmail Azzaoui Azərbaycana gələnə qədər son 3 mövsümü Niderland "Herakles"ində keçirib.
Bu mövsümün əvvəlində "Araz-Naxçıvan"a transfer olunan İsmailin Premyer Liqaya uyğunlaşması rahat olmadı. Zədələrlə üzləşməsi onun çıxışına mənfi təsirini göstərdi. Lakin son turlarda stabil oynamağa başlayan belçikalı futbolçu səviyyəsini ortaya qoymaqdadır. "Araz-Naxçıvan"ın "Sabah" üzərində qələbə qazandığı matçda Azzaoui oyunuyla göz oxşadı. Adətən rəqib futbolçuların kabusuna çevrilən Amin Seydiyev belə, İsmailin texniki fəndləri qarşısında aciz göründü.
Premyer Liqamızda belə futbolçuların çox olması ümumi səviyyənin qalxmasına da təkan verir. Təbii ki, "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov da heyətdə belə futbolçunun olmasından məmnundur.
Azər bəy 25 yaşlı futbolçunun üstün tərəfləri barədə danışarkən bir neçə məqama diqqət yetirib:
"İsmailin əsas özəlliyi birəbir mübarizələrdə effektiv olmasıdır. Meydançada tez düşünmə və qərarvermə qabiliyyəti var. Üstün keyfiyyətlərindən biri də məşqçinin verdiyi tapşırıqları dəqiq yerinə yetirmək bacarığıdır".
Qeyd edək ki, İsmail Azzaoui bu mövsüm "Araz-Naxçıvan"ın heyətində 14 oyunda meydana çıxıb. Aktivində 1 qol və 1 assist var.
Həmid
saytlarin hazirlanmasi