"Turan Tovuz"un İdarə Heyətinin rəhbəri Ehtiram Quliyev jurnalistlərə açıqlamasında deyib ki, AFFA prezidentliyinə namizədliyini verməyəcək. Bunun üçün nə vaxtı var, nə də həvəsi!
Bu illər ərzində Azərbaycan futbolundan gəlib-keçən o qədər adama rast gəlmişik ki, bundan sonra kiminsə bizi təəcübləndirməsinə inanmağım gəlmir. Hər üzünü görmüşük bu futbolun, hər üzdə olanı ilə kəsişib yolumuz. Çoxu bacarıqsız, ya tapşırıqla, ya da bu işə sırf pul qazanmaq niyyəti ilə qol qoyan adamlar olub.
Bu mənada "Turan Tovuz"un rəhbəri müsbət nümunələrdən sayılmalıdır. Əksəriyyət kimi dərhal nəticə qazanmağın arxasınca düşmədi, əlində olan pulu klubun bünövrəsini qurmağa xərcləməyi üstün tutdu. Tovuzda torpaq alıb, komanda üçün məşq bazası tikdirir. Şəhər stadionunda təmir-tikinti işləri aparılıb. Bölgəyə layiq uşaq futbol akademiyasının qurulması istiqamətində də tapşırıqlarını verib.
Düşünmək olardı ki, belə sağlam təfəkkürlü futbol adamı AFFA-dan ciddi dəstək alacaq, Tovuzda futbolun inkişaf etməsi üçün federasiya əlindən gələn hər şeyi edəcək. İlərdir iş adamlarının futbola yaxın gəlmədiyiini vurğulayan AFFA rəhbərliyi üçün Ehtiram bəy tapıntı sayılmalıdır axı.
Lakin onun gəlişindən sonra nə oldu, nə olmadı "Turan Tovuz" AFFA-ya yadlaşmağa başladı. Bir tərəfdən hakimlər komandanın nəticələrinə təsir göstərməyə başladılar, o biri tərəfdən AFFA Tovuz stadionunda ot örtüyünün dəyişdirilməsinə pul ayırmaqdan imtina etdi.
Bilmirsən nə düşünəsən... Bəlkə Ehtiram Quliyevin qısa zamanda futbol ictimaiyyətinin simpatiyasını qazanması birilərini narahat etməyə başladı. Rahat ola bilərlər, adamın AFFA prezidentliyində gözü yoxdur, doğulduğu torpağın futboluna xidmət etməkdi niyyəti!
Bərbad durumda olan Azərbaycan futboluna pul yatıran hər kəs ehtirama haqq edir, Ehtiram Quliyev də həmçinin. Dəstək olmaq lazımdır belə adamlara. Amma bunu AFFA sayağı yox, normal şəkildə etmək lazımdır.
Həmid
saytlarin hazirlanmasi