Ərtoğrul Sağlam, Şenol Günəş, Kənan Koçak, Andrey Şevçenko, Milan Obradoviç... Siyahını uzatmaq da olar. Az qala hər gün mətbuatda millimizə hansısa əcnəbi məşqçinin ya namizəd olması, ya da AFFA-nın təklifini rədd etməsi ilə bağlı xəbərlərə rast gəlirik. Bəziləri şayiə də ola bilər, amma bu məlumatlar arasında dəqiq olanlar da var. Məsələn, Ərtoğrul Sağlam ona millimizdən təklif olduğunu açıqlayıb.
İndiki durum Qurban Qurbanovun milli komandadan uzaqlaşdırıldığı dönəmdə yaşananlara bənzəyir. Ölkənin ən güclü məşqçisini min bir hiyləylə yığmadan istefaya göndərən qüvvələr tələm-tələsik məşqçi axtarışına çıxmış, nəticədə Nikola Yurçeviç kimi aşağı səviyyəli məşqçini milli komandanın başına gətirmişdilər. O vaxt da bilinirdi ki, bunun sonu biabırçılıqla bitəcək. Amma Yurçeviçi o posta gətirənləri düşündürən əsas məsələ millini gözləyən rəzalət yox, Qurban Qurbanovu yığma komandadan təcili kənarlaşdırmaq, onun yerinə əcnəbi məşqçi gətirmək idi. Millini daha pis günə salmaq bahasına da olsa, istəklərinə nail oldular o vaxt. Millətin millisi üzərindən oyun oynayaraq bunu etdilər.
Məntiqlə yanaşsaq, milliyə məşqçi seçimini indi yox, AFFA-da mart seçkiləri olandan sonra etmək gərəkdir. Yeni rəhbərlik gəlsə, İK-nın tərkibi dəyişsə, milli komandaya baş məşqçi məsələsinə də baxış dəyişə bilər. İndiki rəhbərliyin yığmaya baş məşqçi təyin etməsi heç bir halda doğru deyil. Bunu özləri də yaxşı bilirlər.
Bizə isə bu milli ətrafında qurulan yeni tamaşanın nəylə sonuclanacağını gözləmək qalır. Seyrə davam...
Həmid
saytlarin hazirlanmasi