Ötən mövsüm Premyer Liqanın bəzəyi nə oldu sualı verilsə, yəqin ki, əksəriyyət Murad Musayevin "Sabah"ı deyəcək. Möhtəşəm performans orataya qoyan, "Qarabağ"la başabaş mübarizə aparan kollektiv sərgilədiyi futbolla göz oxşayırdı. Təəssüf ki, davamı gəlmədi. Əvvəlcə avrokuboklarda mərhələ adlamasına rəğmən RFŞ-yə qarşı çətin keçən matçlar, daha sonra "Partizan"a məğlub olub mübarizəni dayandırmaları, yekun olaraq da, Premyer Liqada qış fasiləsinə 8-ci yerdə yollanmaları yaxşı keçməyən periodun göstəricisi oldu.
Belə nəticələrdən sonra Murad Musayevin istefaya göndəriləcəyini ehtimal edənlər olsa da, klub rəhbərliyi rus mütəxəssislə bağlı tam fərqli qərar verdi. Ona 2,5 illik yeni müqavilə təklif etdilər. Yola salmaq əvəzinə, klubun gələcəyini onunla bağlamaq istəklərini çatdırdılar Murad Musayevə.
Lakin rusiyalı mütəxəssis tərəddüd edir. O, yeni müqaviləni nə imzalayır, nə də geri çevirir. Gözləmə mövqeyi seçib. Hadisələrin gedişatına baxıb ona uyğun qərar vermək istəyir. Murad Musayev buna qədər də açıqlamalarında yeni gələnlərin Kaşuk, Mikels kimi gedən futbolçuların yerini doldura bilməməsini dəfələrlə vurğulayıb. Həqiqətən də, ötən mövsüm skautinq fəaliyyəti ilə nümunəvi təsir bağışlayan "Sabah" bu il effektiv olmadı. Bəlkə də, yenilər qışdan sonra öz oyununu tapar, uyğunlaşar və komanda yüksəlişə gedər. Lakin qışa qədərki dönəmdə təzələr göz oxşamadı.
Böyük ehtimalla, Murad Musayev də yeni transferlərin qış toplanışından sonra necə təsir bağışlayacağını gözləyir. Əgər hər şey Musayevin istədiyi kimi getsə, "Sabah" yuxarı pillələrə qalxsa, yəqin ki yeni müqaviləyə imza atıb qarşıdakı mövsümdə də işini davam etdirəcək. Komanda qeyri-sabit qrafik cızacağı təqdirdə isə müqaviləsi bitən kimi çıxıb gedəcək. Axı, Murad Misayev də yaxşı anlayır ki, 8-ci yer nə məşqçi kimi ona, nə də klub kimi "Sabah"a yaraşır.
"Sabah"ı düşdüyü durumdan çıxarmağa çalışan Murad Musayev üçün daha bir problem Aleksey İsayevin gedişi oldu. İsayev komandanın mühərriki, lideri idi. Bir tərəfdən baxanda onun əlinin altında İsayevsiz də oyunçu çoxdur, digər tərəfdən isə kəmiyyət hələ keyfiyyət demək deyil. Lakin Murad Musayev də yaxşı anlayır ki, bundan sonra giley-güzar etməyin mənası yoxdur. "Sabah"ın avrokuboklardan kənarda qalması bir məşqçi kimi onun üçün də böyük uğursuzluq olacaq.
Həmid
saytlarin hazirlanmasi