Asif Bağırovun AFFA-ya Mourinyo ilə bağlı atmacasına - sən zarafat elə!

23:10 - 17 Yanvar 2024

AFFA-nın milli komandaya necə olursa-olsun, mütləq əcnəbi məşqçi gətirmək arzusuna reaksiya verən tanınmış jurnalist Asif Bağırov öz sosial şəbəkə hesabında paylaşım edib: 

"AFFA-nın diqqətinə: Mourinyo qovuldu. Görün neyləyirsiz!" 

Asif Bağırovun gülüş işarələri ilə dolu paylaşımı məzə xarakteri daşısa da, AFFA üçün ideya da ola bilər. 15 ildir camaatla məzələnən, millimizi məsxərə obyektinə çevirən federasiya rəhbərliyi üçün zarafatı ciddiyə almaq qeyri-adi hadisə sayılmaz. 

Asif, sən zarafat elə! Bir də gördün, elə günü sabah Mourinyo ilə əlaqə saxlayıb millimizdə baş məşqçi olmağı təklif elədilər. AFFA-nın Mourinyonu gətirməyə pulu çatmayacağını da əsla düşünmə. Pul Tovuz stadionunda ot örtüyü salmaq və ya ölkə futbolunda zərurət olan digər məsələlər üçün yoxdur. Əcnəbilərə pul həmişə tapılıb, tapılacaq da. 

Başqa məsələ ki, Mourinyo bizim futbolumuza baş qoşacaq qədər ağlını itirməyib. Amma yenə də nə olar, nə olmaz. Ərəblərin pul gücünə kimləri hara gətirdiyini görmüş adamlarıq. Bizimkilər də elə ərəb təfəkkürlü futbol adamlarıdır. Sadəcə ərəblərdə olan qədər pulları yoxdur ki, onlar kimi hərəkət eləyə bilsinlər. 

Həmid

P.S. Mourinyonu millimizə baş məşqçi gətirə bilməsələr də, çarter reysi təşkil edib görüntü xarakterli danışıqlar üçün görüş təşkil edə bilərlər.

Xəbər xətti