Son illər Premyer Liqada "Neftçi" - "Sabah" matçları da prinsipiallığı ilə seçilən qarşıdurmaya çevrilib. Bu komandaların oyununda demək olar ki, həmişə maraqlı mübarizə gedir. Bu dəfə nisbətən sakit oyun izlədik, nəticəsi də qolsuz bərabərlik oldu.
Qış fasiləsindən qayıdan komandaların ideal hazırlıq formasında olmayacağı gözlənilən idi. Miodraq Bojoviç 6 həftə deyib, Murad Musayevin komandasını nə vaxt arzuladığı səviyyəyə çatdıracağını özü bilir, bu barədə mətbuata heç nə deməyib. Həm də ki, Bojoviçlə Musayevin durumu fərqlidir axı. Musayev bir neçə ildir "Sabah"ı çalışdırırsa, Bojoviçin gəldiyi heç bir ay deyil.
Dəyişkən üstünlük şəraitində keçən oyunda ümumi götürsək, "Sabah" nisbətən yaxşı təsir bağışladı. Bojoviçin oyun planında "Neftçi"yə nə gətirdiyi barədə hələ nəsə demək olmasa da, ayrı-ayrı futbolçuların performansına təsir göstərə bilmişdi. Məsələn, qışa qədər meydançada varlığı ilə yoxluğu hiss olunmayan Şinyaşiki dünən ən yaxşılardan idi. Xüsusən birinci hissədə braziliyalı yer aldığı sol cinahda rəqibləri üçün başağrıya çevrilmişdi. Eyni sözləri Boqomolski barədə də demək olar. Tam fərqli istəklə çıxmışdı meydana. Bir dəqiqə belə qopmadı oyundan. Həm hücumlarda aktiv idi, həm də rəqib müdafiəçilərin oyun qurmağına imkan verməməyə çalışırdı. Boqomolskinin oyununda çatmayan qol oldu. "Neftçi"nin qol vurmaq problemi qalmaqdadır.
Heyətində zədəlilərin də çox olduğu "Neftçi"nin işi asan olmayacaq. Mutudan Bojoviçə miras qalan heyətlə böyük işlər görmək çətin olacaq. Premyer Liqada 2-ci yeri tuta bilərlər, amma avrokuboklarda bir, uzağı iki mərhələdən o tərəfə getmək real görünmür. Bojoviç yaya qədər ortaya ciddi iş qoya bilsə, heyətdə xeyli dəyişikliklər etmək lazım gələcək.
"Sabah" - "Neftçi" matçında meydan sahiblərinin nisbətən üstün olduğunu desək də, heç-heçə ədalətli nəticə oldu. Bu xalı daha çox Bojoviçin aktivinə yazmaq olar, nəinki Musayevin. Şərtlərin bərabər olmadığı dönəmdə əldə edilən bərabərliklə Bojoviç "Neftçi"də ilk xalını qazandı.
Həmid
saytlarin hazirlanmasi