Öyrənmək, öyrənmək, yenə də öyrənmək! - Yurgen Kloppdan Xabi Alonsoya qədər

15:16 - 25 Yanvar 2024

Qurban Qurbanov hələ səfər matçı öncəsi "Bayer"in oynadığı futbolu alman intizamı ilə ispan yaradıcılığından törəyən üslub adlandırmışdı. Xabi Alonsonun qurduğu komanda həqiqətən möhtəşəmdir. "Bayer" hal-hazırda Avropanın ən güclü komandalarından hesab olunur, Bundesliqada da məğlubiyyətsiz davam edir, çempionluğa doğru gedir. 

"Qarabağ"ın səfərdə "Bayer"ə acınacaqlı məğlubiyyətindən sonra Qurban Qurbanov deməyə söz tapmırdı. Səviyyə fərqi o qədər böyük idi ki, oyundan sonra mətbuat konfransındakı ölü sükut bütün suallara cavab idi. Belə komandalarla başabaş mübarizə apara bilməməyimizin səbəbləri o qədər çoxdur ki, Qurban Qurbanov səhərə qədər də danışsaydı, mövzu bitəsi deyildi. Lakin həmin mətbuat konfransında Qurban Qurbanovun qırıq-qırıq fikirlərindən sezmək olurdu ki, bir tərəfdən acı məğlubiyyətə görə pərişandı, o biri tərəfdən isə rəqibin sərgilədiyi futbola valeh olub.

Elə buna görə də, Qurban Qurbanov ilk fürsətdəcə Almaniyaya yollanıb, Xabi Alonso ilə görüşüb. İspan mütəxəssislə fikir mübadiləsi aparmaq, "Bayer"in məşqlərini izləmək, klubun iş prinsipləri ilə yaxından tanış olmaq onun üçün böyük təcrübə olacaq. 

Öyrənmək çox vacibdir. Çünki müasir futbol bir yerdə dayanmır, daim dəyişir, daim irəli gedir. Biz də o dəyişikliklərlə ayaqlaşmağı öyrənməliyik. Bu baxımdan Qurban Qurbanov həmişə digərlərindən bir addım öndə olub. Müxtəlif məşqçilərin yanında təcrübə keçib, hərəsindən bir şey götürüb. Özünün dediyinə görə, belə görüşlərdən ən əhəmiyyətlisi Yurgen Kloppla olub. O vaxt hələ "Borussiya"nı çalışdıran Klopp Qurban Qurbanovla təxminən 4 saatlıq görüşü zamanı bir neçə həssas məsələyə toxunub. O, hər bir klubun ilk növbədə yaxşı bazaya sahib olmağının zəruriliyini vurğulayıb. 

Məhz həmin görüşdən bir müddət sonra "Qarabağ" rəhbərliyi baza tikmək barədə qərar verib. Məhz həmin məşq mərkəzi tikiləndən və Qurban Qurbanov istədiyi iş prinsiplərini tətbiq etmək üçün maddi-texniki bazaya malik olandan sonra çempionluqlar da gəlməyə başladı, avrokuboklarda qruplar da reallığa çevrildi. "Qarabağ"ın oyun üslubu da günbəgün yaxşıya doğru dəyişməklə diqqət çəkdi. 

Qurban Qurbanovun Yurgen Kloppdan Xabi Alonsoya qədər keçdiyi yol uğurlarla doludur. Bu gün "Qarabağ"ı Avropada tanıyırlar, möhkəm ortabab kimi qəbul edirlər. "Qarabağ"ın buralara gəlməsinin əsas səbəbi də məhz Qurban Qurbanovun həmişə axtarışda olması, çalışqanlığı olub. Çünki o da yaxşı bilir ki, inkişaf elə yoldur ki, dayanmaq olmaz, daim irəliyə baxmaq lazımdır. 

Həmid

Xəbər xətti